Rəhimli və Mərhəmətli Allahın adı ilə
Günümüzdə xəvaric dəstələrinin məscidlərə hücumlar təşkil edib, namaz qılanları öldürdüklərinin şahidi oluruq. Onlar məscidlərə hücum etməklə bir daha xəvaric olduqlarını təsdiq edirlər.
Şeyx Saleh Sindi (Allah onu qorusun) məscidlərdə partlayışlar törədənlər haqqında belə deyir: “Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) onlar haqqında belə buyurub: “Bütlərə ibadət edənləri tərk edib, müsəlmanları öldürərlər”. ( Əl-Buxari, 3344 və Muslim, 1064).
Onlar məscidlərdə partlayışlar törətməklə:
1) Allahın evi olan məscidlərə hörmət etmirlər.
2) Qurana hörmət etmirlər. Partlayış zamanı mushaflar (Quran kitabları) da xarab olaraq qanlara, cəsədlərə qarışır.
3) İbadətə hörmət etmirlər. İnsanlar Allaha ibadət etdikləri bir vaxtda onları öldürürlər.
4) Kəbədən də əzəmətli olan, günahsız müsəlman qanına hörmət etmirlər, onu Allaha ibadət etdiyi bir yerdə öldürürlər.
Ən təəccüblüsü isə, bununla çox yaxşı bir iş gördüklərini və bu əməllə cənnətə girəcəklərini düşünürlər…”
Necə də səfeh bir toplumdur bu xəvaric toplumu?!
Müsəlmanları öldürməklə yanaşı, özlərini də öldürürlər. Halbuki, şəriətimizdə bir insanın özünü öldürməsi haram və böyük günahdır. Uca Allah belə buyurur: “Özünüzü öldürməyin həqiqətən Allah sizə qarşı rəhimlidir . Kim bu əməlləri düşmənçilik və zülm etməklə yerinə yetirərsə, Biz onu odda yandıracağıq. Bu da Allah üçün asandır”. (Ən-Nisə /29,30).
Həmçinin, Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: “Kim bu dünyada özünü bir şey ilə öldürərəsə, qiyamət günü onunla əzab olunar”. (Muslim).
Bu cür çirkin işləri görənlər özlərini çox ağır bir yükün altına salmış olurlar. Bir tərəfdən günahsız öldürülən, qanları axıdılan müsəlmanlar, digər tərəfdən isə, özlərini öldürmələri. Haram üstünə haram, günah üstünə günah… Uca Allah bizləri və bütün müsəlmanları bu cür əməllərdən qorusun.
Uca Allah belə buyurur: “Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Əl-Məidə/32).
Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: “Kim onunla əhd bağlanmış bir kafiri öldürərsə, cənnətin iyini belə duymaz, halbuki, cənnətin iyi, qırx illik məsafədən gəlir”. (Əl-Buxari/ 3166).
Əhd bağlamış kafiri öldürməyin cəzası bu cür şiddətlidirsə, onda düşünün, məsciddə Allaha ibadət edən bir müsəlman öldürmək necə?!
Mədinə İslam Universitetinin tələbəsi, Elçin Şunqarov.