• Menyu
  • Menyu

Məzhəb təəssübkeşliyinin fəsadlarından: Bir namazı dörd imamın qıldırması

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın sonuncu elçisi olan Muhəmmədə, onun ailəsinə, səhabələrinə və Qiyamətə qədər onun sünnətinə tabe olanlara Allahın xeyir-duası və salamı olsun.
Sonra isə:

Məzhəb təəssübkeşləri tez-tez tövhid diyarını pis şəkildə xatırlayırlar. Lakin, indiki tövhid diyarında öz məzhəbçi həmfikirlərinin hicrətin 6-cı əsrindən başlayaraq törətdikləri əməllərdən nədənsə heç danışmırlar. Bir namazı dörd dəfə, bəzən isə beş dəfəyə qılmaqla hamının namazı qılıb qurtarması baş tuturdu. Halbuki, indi bir imamın arxasında hamının namazı eyni vaxtda qurtarır.
Deməli, Abbasi xilafətinin son vaxtlarında, hicrətin 6-cı əsrində Kəbə ətrafında hər məzhəb üçün bir məqam inşa edilmişdi. Hər məzhəbin tərəfdarları özlərinə ayrılmış xüsusi yerdə namaz qılırdılar və bir məzhəb nümayəndəsi digərinin arxasında durub namaz qılmırdı. Korkoranə “məzhəb təəssübkeşliyi” insanları bir-birinin arxasında namaz qılıb bir ümmət olmaqdan belə yayındırmışdı.

Kəbədə «Mizyab»la üzbəüz yerdə hənəfilər («Hicri İsmail» tərəfdən uzanan, yağış suyunun axması üçün düzəldilən kiçik kanala deyilir), «Yəmən küncü» ilə üzbəüz yerdə malikilər, «İbrahim məqamı»nın arxasında şafiilər, «Qara daş» və «Yəmən küncü» arasındakı məsafə ilə üzbəüz hənbəlilər namaz qılırdılar. Namazları ardıcıl qılırdılar. Əvvəlcə şafiilər, sonra hənəfilər, sonra malikilər, sonra da hənbəlilər namazlarını qılırdılar. Zeydilər üçün də bir yer ayrılmışdı. Lakin, məğrib namazı vaxtı vəziyyət daha da acınacaqlı olurdu. Məğrib namazının vaxtı qısa olduğundan məzhəblər namazlarını eyni vaxtda dörd müxtəlif yerdə, dörd imamın arxasında qılmalı olurdular. Bu zaman isə səslər bir-birinə qarışırdı. İnsanlar namazda tez-tez çaşır və səhv səcdəsi etməyə məcbur olurdular.

Kəbənin yanında “məzhəbçilərin” törətdikləri bu bidətdən danışanlardan biri də İbn Cubeyr olmuşdur ki, o, hicrətin 579-cu ilində həcc ziyarətində şahidi olduğu qarışıqlıqdan ətraflı şəkildə danışmışdır.

O, belə demişdir: «Bəzən maliki (məzhəbindən olan) şafii və hənəfi imamın səsinə tabe olub rükuya gedir və ya hansısa başqa (məzhəbdən olan) imamın səsiylə salam verirdi (yəni, öz imamını qabaqlayırdı)
Sən hər bir kəsin səhv səcdəsi etməkdən qorxduğu üçün sakitcə öz imamını (və ya imamın sözlərini təkrarlayan) müəzzinin səsini dinlədiyini görərdin.
Bununla yanaşı bir çox insanlar səhv səcdəsi edirdilər.» (Rihlətu ibn Cubeyr, səh 70)

Bu bidət, alimlərin çəkindirməsinə baxmayaraq uzun müddət, beş əsr boyunca məzhəb təəssübkeşləri tərəfindən davam etdirilmişdir. Hal-hazırda isə Allaha həmd olsun ki, Kəbədə bu bidət yoxdur və ümmət bir imamın arxasında namaz qılır.»

(Ətraflı bax: Tərixu iməratil-Məscidil-Haram, səh 233)

Ümumiyyətlə, dörd məzhəb hər biri əhli sünnə imamlarının elmindən faydalanmaqla təsis edilib, onlar özləri bu məzhəbləri təsis etməyiblər, sadəcə ardıcılları bu imamların dərin elmindən faydalanmaq üçün bu məzhəbləri təsis etmişlər. Məzhəbçilikdə tənqid etdiyimiz isə əsas iki məsələdir:

1. Məzhəb təəssübkeşliyi edib bu işdə aşırılığa gedərək başqa sünnə məzhəbinin arxasında namaz qılmamaq. (Necə ki, məqalədə buna işarə etmişik)

2. Məzhəb təlimini Quran və Sünnənin təlimindən önə çəkmək; Öz məzhəbindəki görüş Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sözünə müxalif olduqda belə dəlil olan görüşü tərk edib kor-koranə təqlid etmək və ya öz məzhəbini təqlid etməyi vacib görüb Quran və Sünnədən haqq olan, üstün görüşü axtarmamaq.

Qeyd: Bu, məzhəb ifratçılarının ümmətə verdiyi fəsadlardan yalnız biri idi, hələ biz onların bir-birini təkfir etmələrindən, digər məzhəblə qohum olmağı haram görmələrindən və s. danışmadıq. Ümmətin vəhdəti yalnız Quran və Sünnəyə doğru mənhəclə qayıtmaqla mümkündür. Ona görə də sələflər: «Bu ümmətin əvvəli nə ilə islah olmuşdursa, axırı da onunla islah olacaqdır» – demişlər.


Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax