• Menyu
  • Menyu

İmanın yenilənməsi

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə.

 

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salavatı və salamı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə.

İnsanın bu dünyada ən çox qayğısına qalmalı olduğu şey onun imanıdır.

Hər iki dünyada xoşbəxt olmaq, ucalmaq, dünya və axirət xeyirlərinə nail olmaq səhih imanın səbəbi ilədir. Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi, insanın ağlına belə gəlməyəcək əbədi cənnət nemətlərini dadmaq və bundan daha üstünü – Uca Rəbbimizi görmək də imanın səbəbi ilədir. Cəhənnəmin şiddətli, əbədi odundan uzaqlaşdırılmaq da insanın imanına görədir.

İman bərəkətli, səmərəsi bol olan bir ağac kimidir. Bu ağacın kökü, budaqları və barı vardır və bu ağacın daim suvarılmasına ehtiyac vardır. Əgər suvarılmazsa, o zaman ağac quruyar.

İmanın kökü – onun altı əsasıdır: Allaha, mələklərinə, kitablarına, elçilərinə, axirət gününə və qədərin xeyir və şərinə iman etmək.

İmanın budaqları – namaz, zəkat, oruc, həcc etmək yaxşılıq etmək və s. kimi saleh əməllərdir.

İmanın barı – möminə bəxş edilən xoş həyat,  səadət, dünya və axirət xoşbəxtçiliyidir.

Uca Rəbbimiz buyurur :

 “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (Ən-Nəhl surəsi, 97).

Bilmək lazımdır ki, iman artır və azalır.

Bir gün imam Əhməddən (Allah ona rəhmət etsin) soruşdular: “İman artıb-azalırmı?” O: “Bəli, Artır. Hətta o dərəcədə artır ki, yüksək səmalara kimi ucalır və yerin dibinə  enəcək qədər də naqisləşir” – deyə cavab verdi.

Bu haqda Süfyan əs-Sövridən soruşduqda, o: “İman artır, hətta dağlar boyda olur.  Azalır da, hətta ondan heç bir şey belə qalmır” – cavabını verib.

İman həm də köhnəlir. Onun yenilənməyə ehtiyacı olur. Bu haqda Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: “Sizin qəlbinizdə olan iman köhnəlir, bir paltarın köhnəldiyi kimi. Allahdan qəlbinizdə olan imanın yenilənməsini istəyin”. (Hakim, “Mustədrək”)

İnsan daim imanının vəziyyətinə nəzər yetirməlidir, imanını yeniləyən, artıran səbəblərdən tutunmalı, onu naqisləşdirən, azaldan səbəblərdən isə uzaq olmalıdır. Çünki iman Allaha itaət etməklə artır, Ona asilik etməklə isə azalır.

Bu məsələ haqda düşünmək, onu anlamaq lazımdır.

Necə ki, bu haqda Əbu Dərda (radiyallahu anhu) demişdir : “İmanının artmasını və ya azalmasını, şeytanın ona olan vəsvəsələrini və haradan yaxınlaşacağını bilməsi bir kişinin fiqhindən, dini anlamasındandır “.

Bu məqalədə imanı artıran, onu yeniləyən bir neçə  yolu Allahın izni ilə qeyd edəcəyəm. Uca Allahdan bunu müsəlman qardaş və bacılarım üçün faydalı etməsini diləyirəm.

Birinci: Dua etmək: Allahdan imanın artmasını, yenilənməsini istəmək. Dua etməklə yanaşı səbəblərdən də tutunmaq lazımdır. Yəni yalnız dua etməklə kifayətlənməmək, Allahdan yardım diləyərək o şeyi əldə etmək üçün çalışmaq, buna həris olmaq. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Sənə fayda verən şeylərə həris ol və Allahdan kömək istə, acizlik göstərmə”. (Səhih Muslim).

İkinci: Gündəlik şəri elm tələb etmək.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Allah kimə xeyir istəyərsə, onu dində fəqih (başa düşən) edər”.

Çünki elm səbəbi ilə insan haqq ilə batili, zülmət ilə nuru ayırd edə bilir. İnsanın onu doğru yola yönəldəcək elmə ehtiyacı var. İmanını artıran səbəbləri bilməsə, necə imanını artıra bilər? İmanını zəiflədən səbəbləri bilməsə,  necə bu şeylərdən imanını qoruya bilər?  Şəri elm mütəmadi olaraq tələb olunmalıdır. Bunda istirahət günü, tətil yoxdur. İnsan bacardığı qədər, azda olsa hər gün şəri elm tələb etməlidir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu duanı edərdi:

“Allahım, səndən faydalı elm, pak ruzi və məqbul əməl istəyirəm “. (Nəsai, Ibn Məcə, Əhməd.)

Bu gün insanların imanlarının zəifləməsindən şikayət etmələrinin səbəblərindən biri də onların şəri elm tələb etməməsi, elmi məclislərdə iştirak etməməsidir. Elmi məclislərdə iştirak edə bilməyənlərə isə yazılı audio, video dərsləri dinləmələk, şəri kitablar oxumaq tövsiyə olunur.

Üçüncü: Qurana ehtimam göstərmək.

Çünki Quran insanın imanını və yəqinliyini gücləndirən ən böyük səbəblərdən biridir.

Uca Allah buyurur:

“Bir surə nazil edildiyi zaman onlardan istehza ilə: “Bu, hansınızın imanını artırdı?”– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər.” (Ət-Tövbə, 124).

Digər bir ayədə Uca Rəbbimiz buyurur:

“Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbləri qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar və yalnız öz Rəblərinə təvəkkül edərlər”. (Əl-Ənfal, 2).

Həqiqətən də, Quranın imanın artmasına, insanın Rəbbinə bağlanmasına böyük təsiri vardır. Lakin Quranı yalnız oxumaq deyil, onun mənası barədə təfəkkür, tədəbbür etmək, ayələri haqda düşünmək, ibrət almaq lazımdır. Çünki Quran hidayət, səadət çırağı, möminlərə müjdə verən və insanları doğru yola yönəldən bir kitabdır.

Uca Rəbbimiz buyurur:

“Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir”. (Əl-İsra, 9).

Ancaq Quran hidayətinə nail olmaq, doğru yola yönəlmək yalnız onu tədəbbür etməklə mümkündür.

Bu haqda Uca Rəbbimiz buyurur:

“Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik”. (Sad, 29).

“Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.” (Ən-Nisə, 82).

 Buna görə də insan Quran əhlindən olmağa çalışmalıdır. Bu haqda Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə demişdir:

“İnsanlardan Allahın əhli olanlar vardır” .

Səhabələr: “Onlar kimlərdir, ya Rəsulallah?” – deyərək soruşdular. O isə: “Onlar Qur’an əhlidir, onlar Allahın xüsusi qullarıdır” – dedi. (İbn Macə,Əhməd).

Quran əhli  təkcə Quranı əzbərləyənlər deyil, Allahın kəlamını anlayaraq ona tabe olanlar, əməl edənlərdir.

Uca Rəbbimiz buyurur:

“Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır.” (Əl-Bəqərə, 121).

Bu ayənin təfsirində İbn Abbas (Allah ondan razı olsun) və digər müfəssirlər demişdirlər ki, “layiqincə oxumaq” – yəni layiqincə ona tabe olmaq.

Dördüncü: Peyğəmbərin (sallallahu aleyhi və səlləm),  onun səhabələrinin və onlara ən gözəl şəkildə tabe olanların həyatını oxumaq.

Çünki onlar dini ən gözəl şəkildə yaşayanlar idi.

Onlar haqqında Uca Rəbbimiz belə buyurur:

“Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur”. (Ət-Tövbə, 100).

İnsan onların həyatını oxuduqda, onlara olan məhəbbəti artır və o da, onlar kimi olmağa çalışır.

Beşinci: Allahın ən gözəl olan adlarını və ən ucan olan sifətlərini öyrənmək və Allah Təalanı tanımaq.

Allahın yaratdığı məxluqatları barədə düşünmək, Onun əzəmətini dərk etmək insanın imanına çox güclü təsiri vardır. Çünki kim Allahı daha çox tanıyarsa, Ondan daha çox qorxar, Ona ibadət etməyə olduqca həris olar və Ona asilik etməkdən çəkinər.

Altıncı: Saleh əməllər işləmək.

İmanın yenilənməsi, artması üçün saleh əməllər etmək zəruridir.

Saleh əməllər imanın artması, onun insanda qalması və qorunması üçün bir səbəbdir.

Buna namazı misal çəkmək olar. Allah (Subhanəhu və Təalə) buyurur:

“Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir.” (Əl-Ənkəbut, 45).

Namazların fərzlərini, sünnətlərini qoruduqda, xuşu ilə qılmağa çalışdıqda, qəlbdə imanın təzələnməsi hiss olunur. Buna laqeyd yanaşdıqda isə, imanın azalması hiss olunur.

Buna görə də saleh sələflər imanın itaət ilə artmasını və asiliklə azalmasını demişdirlər. Hər dəfə itaəti artırdıqda imanın artması, asiliklər etdikdə isə azalması görsənir.

Buna görə də mömin onun imanını artıran səbəbləri öyrəndiyi kimi, onun imanını azaldan səbəbləri də öyrənməlidir ki, həmin şeylərdən çəkinsin.

Yeddinci: Şeytanı özünə düşmən tutmaq.

Allah Təalə buyurur:

“Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O, öz tərəfdarlarını Od sakini olmağa çağırır”. (Fatir, 6)

Bil ki, sənin elə bir düşmənin var ki, o səni görür, sən isə onu görə bilmirsən. Hər bir vaxtda sənin üzərinə hücüm edən bir düşmən! Sənə hər bir tərəfdən vəsvəsə verən!

İbn Qeyyim (Allah ona rəhmət etsin) buna misal gətirir və deyir ki, sanki əlində ət olan bir insan durub və onun ətrafında ac it dolanır. Həmin it hər bir tərəfdən o əti qapmaq üçün fürsət axtarır.

Şeytan üçün də önəmli olan müsəlmanın imanındır və o, imanı gecə-gündüz ovlamağa çalışır.

 Allah Təalə İblisin belə dediyini buyur:

“Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əl-İsra, 17)

 Bəzi insanlar dostu ilə düşmənını tanımır. Ona düşmən olanla dostluq edir, saleh insanlarla isə düşmənçilik edirlər. Şeytanın isə açıq-aşkar düşmən olmasını bizə Rəbbimiz bildirib. Çünki Allah bizim düşmənlərimizi bizdən daha yaxşı bilir.

Rəbbimiz buyurur:

“Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!” (Ən-Nisə, 45).

İnsan şeytanı özünə düşmən tutarsa, daim Allahı zikr edərsə, Allaha sığınarsa onun vəsvəsələrinə düşməz.

Səkkizinci: Pis dostlardan uzaq olmaq.

Bu haqda Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Kişi öz dostunun dinindədir, elə isə, sizlərdən hər biri kiminlə dostluq etdiyinə baxsın.” (Əhməd).

Mömin pis dostlardan, fəsad əhlindən həzər etməli, onlardan uzaq durmalıdır. Həmçinin müasir cihazlar da buna aiddir: mobil telefon, kompüter və s. Çünki indiki zamanda mobil telefonlar insanın ən yaxın dostu olub. Gecə və gündüz onunla birlikdədir. Bu mobil cihazlar neçə-neçə möminlərin imanlarını zəiflədib, neçə-neçə möminləri fitnələrə salıb. Buna görə də imanı zəiflədən səbəblərdən uzaq durmaq imanı qorumağın ən əsas yollarındandır.

İnsan imanını qorumaq istəyirsə və bununla belə özünü fitnələrə, şübhələrə atırsa, onun imanını qoruya bilməsi qeyri-mümkündür.

 Bu, imanı yeniləmək, artırmaq və qorumağın bir neçə yolu idi. Müvəffəqiyyət isə Allahdandır.

Sonda, aləmlərin rəbbi Allaha həmd olsun! Peyğəmbərimizə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!


Mədinə İslam Universitetinin tələbəsi, Elvin Məhərrəmov.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax