• Menyu
  • Menyu

Peyğəmbərin ﷺ haqları | 1-ci hissə

tovhidinfo

Mərhəmətli, Rəhmli Allahın adı ilə.

 

 

Aləmlərin  rəbbi olan Allaha həmd-sənalar olsun. Onun elçisi Muhəmmədə Allahın salavatı və salamı olsun.

    Həqiqətən də, mövzu Allahın elçisindən ﷺ olduqda, bunun qəlblərdə  ayrı bir ləzzəti və şirinliyi olar. Hansı məclisdə onun haqqında danışılarsa, o məclis daha da gözəl olar. Hamıya məlumdur ki, Allahın haqqından sonra bu ümmətin üzərinə düşən ən böyük haqq Onun elçisi Muhəmmədin ﷺ haqqıdır. Həm dünyada, həm də Axirətdə səadətə qovuşmaq bu haqları yerinə yetirməklə olur.

     Qısa olaraq Peyğəmbərin ﷺ haqlarından bəzilərini qeyd etmək istədim ki, insanlar üçün bir xatırlatma və bu haqqları yerinə yetirmək üçün bir həvəsləndirmə olsun. Müvəffəqiyyət isə yalnız Allahdandır.

 

BİRİNCİ HAQQ:

   Muhəmmədin ﷺ peyğəmbərliyinə və risalətinə iman gətirmək.

   Bu, onun haqlarından ən əsası və ən mühümüdür. Digər haqlar isə bundan qaynaqlanır.

   Muhəmmədin ﷺ peyğəmbərliyinə və risalətinə iman gətirmək özündə üç məsələni ehtiva edir:

1) Peyğəmbərimiz Muhəmməd ibn Abdilləh əl-Quraşi əl Həşimi ﷺ sadiq olan və sözü təsdiqlənən peyğəmbər və elçidir.

   Uzun müddət idi ki, Allah Yer üzünə peyğəmbər göndərmirdi. Nəhayət O, qullarını doğru yola yönəltmək üçün müjdələyən və qorxudan peyğəmbəri – Muhəmmədi ﷺ yer üzünə elçi göndərdi. O, insanları Allaha çağırırdı. Kim onun peyğəmbər və elçi olmasına iman gətirməsə, artıq Allaha da küfr etmişdir. Uca Allah belə buyurub:

“Kim Allaha və Onun elçisinə iman gətirməzsə, bilsin ki, Biz kafirlər üçün od hazırlamışıq.”[1]

 Həmçinin Uca Allah belə buyurub:

  “De: Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm.” [2]

    “Səhih Muslim”də Peyğəmbərin belə deməsi rəvayət olunur:

 “Muhəmmədin canı əlində olan Allaha and olsun ki, bu ümmətdən bir yəhudi və ya nəsrani mənim barədə eşidib iman gətirməz və bu hal üzərində ölərsə, o, Cəhənnəm əhlindən olar.”[3]

2) Peyğəmbərin risalətinin ümumi olaraq hamıya aid olmasına etiqad etmək. O, irqindən və cinsindən asılı olmayaraq bütün insanlara və cinlərə göndərilib. Bu səbəbdən də Qiyamət gününə qədər heç kim onun şəriətindən çıxmamalı və Allaha yalnız onun gətirdiyi ilə ibadət etməlidir.

   Uca Allah belə buyurub:

“Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik.”[4]

  “Biz səni insanlara elçi göndərdik.”[5]

  “Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.”[6]

Aləmlər – cinlər və insanlardır.

 “Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim.” [7]

Həmçinin peyğəmbər ﷺ belə buyurub:

“Mən bütün ümmətə göndərilmişəm.”[8]

Başqa hədisdə isə belə deyib: “Mən qırmızı və qara olmasından asılı olmayaraq bütün məxluqata göndərilmişəm.” [9]

3) Muhəmməd peyğəmbərin ﷺ peyğəmbərlərin və elçilərin sonuncusu olmasına, ondan sonra peyğəmbər gəlməyəcəyinə iman gətirmək. Onun gətirdiyi şəriət bütün əvvəlki şəriətləri ləğv edib. Onun gəlişindən sonra Uca Allah İslamdan başqa bir din qəbul etmir.

Allah Təala Quranda belə buyurub:

“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın elçisi  və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir.”[10]

“İslamdan başqa bir din axtaran şəxsdən o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”.[11]

  Həmçinin peyğəmbər ﷺ belə buyurub:

“Məndən sonra peyğəmbər olmayacaq”.[12]

  Digər hədisdə isə peyğəmbər ﷺ belə buyurub:

  “Mən peyğəmbərlərin sonuncusuyam”.[13]

 

İKİNCİ HAQQ:

Peyğəmbəri ﷺ sevməliyik.

Peyğəmbəri ﷺ sevmək bu dinin böyük vaciblərindəndir. Onu övladından, valideynindən, ailəsindən və bütün insanlardan, hətta öz nəfsindən də çox sevmək hər bir müsəlmana vacibdir. Uca Allah belə buyurub:

  “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır.”[14]

“Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə döyüşdə Allahın elçisindən geri qalmaq,onun canından öz canlarının hayına qalmaq yaraşmaz.”[15]

Həmçinin Peyğəmbər ﷺ Buxari və Muslimin rəvayət etdiyi hədisdə belə buyurub: “Sizdən biriniz məni övladından, valideynindən və bütün insanlardan çox sevməyincə (kamil) iman etmiş sayılmaz.”[16]

Abdullah ibn Hişam belə deyib:

“Biz Allahın elçisi ilə birlikdə idik. O, Ömər ibnul-Xattabın əlindən tutmuşdu. Ömər ona belə dedi: Ey Allahın elçisi, sən mənə canımdan başqa hər şeydən sevimlisən.

Peyğəmbər ﷺ dedi: Xeyr! Mən sənə hətta öz canından da sevimli olmalıyam.

Ömər ibnul-Xattab belə dedi: İndi sən mənim üçün canımdan da sevimlisən.

Peyğəmbər ﷺ belə dedi: Ey Ömər, indi sən vacib olanı etdin.”[17]

Başqa bir hədisdə isə Peyğəmbər ﷺ belə buyurub: “Mən hər bir möminə öz nəfsindən daha yaxınam.” [18]

    Səhabələrin həyatına nəzər salanda, onların Peyğəmbərə olan sevgisi kimi sadiq sevginin başqa heç bir insanda olmadığını görmək olar. Allah onlardan razı olsun. Bu onların sözləri ilə də sübut olunub.

Əlidən (Allah ondan razı olsun): “Siz Allahın elçisini necə sevirdiniz?” – deyə soruşduqda, o belə dedi:

“And olsun Allaha ki, o bizə malımızdan, övladlarımızdan, atamızdan, anamızdan, hətta susuzluq anında sərin sudan belə daha sevimli idi.” [19]

Rəvayət olunur ki, Zeyd ibn Dəsinə (Allah ondan razı olsun) əsir düşmüşdü. Onu öldürmək üçün qabağa gətirdikdə, əbu Sufyan ondan soruşdu:

– Ey Zeyd, Allaha and verirəm, de görüm hal-hazırda Muhəmmədin burada olub boynunun vurulacağını, sənin isə ailənin yanında olacağını istərdinmi?

Vallahi, mən heç onun ayağına bir tikan belə batmasını istəmərəm.

Əbu Sufyan müşrik idi və o zamanlar iman gətirməmişdi. O deyirdi ki, mən insanlardan kiminsə başqasını Muhəmmədin səhabələrinin onu sevdikləri qədər sevən görməmişəm.[20]

Əbu Talhə Uhud döyüşü günü Peyğəmbəri qorumaq üçün onu öz arxasında gizlədirdi.

Peyğəmbər ﷺ camaata baxmaq üçün boylandıqda, Talhə belə dedi: “Atam , anam sənə fəda olsun, ey Allahın elçisi, boylanma. Mənim canım sənin canından aşağıdır.”[21]

Səhabələr Peyğəmbəri ﷺ elə çox sevirdilər ki, onun sevdiyi mübah olan şeyləri də sevirdilər. Ənəsdən rəvayət olunur ki, bir gün Xayyat Peyğəmbəri qonaq çağırdı. Onun qabağına içində balqabaq olan bir yemək qoydu. Peyğəmbər ﷺ boşqabın içindəki balqabaqları seçməyə başladı və o gündən bəri mən də balqabağı sevdim.”[22]

  Müsəlmanların qəlbində Peyğəmbəri sevməyə təhrik edən bir çox səbəblər vardır:

1) Onu sevməliyik, çünki Allah onu sevir. Biz Allahı seviriksə, Onun sevdiklərini də sevmək bizə vacibdir.

2) Allah bizə onu sevməyi əmr edib. Bizim onu sevməyimiz Allaha itaətdir.

3) Peyğəmbər ﷺ bizim hidayət olmağımıza, doğru yola yönəlməyimizə səbəb olmuşdur. Uca Allah belə buyurub:

“Öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir elçi göndərməklə Allah möminlərə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər”.[23]

4) Peyğəmbər ﷺ ibadətində, əxlaqında, xasiyətində insanlardan ən kamil olanı idi. İnsan təbiəti elədir ki, hər zaman kamil olanı sevir.

 

Məlumdur ki, insanın qəlbində bir şeyə qarşı sadiq məhəbbət varsa, bu sevginin əlamətləri də olmalıdır. Peyğəmbəri sevməyin əlamətlərindən bəziləri bunlardır:

1) Ona itaət etmək və onu uca tutmaq.

2) Onu görmək istəmək və buna həris olmaq.

Peyğəmbər ﷺ belə buyurub :

“Ümmətimdən məni ən çox sevənlər məndən sonra gələn, məni görmək üçün ailəsini və malını fidyə verməyə hazır olan kəslərdir.”[24]

3) Ona çoxlu salavat və salam demək. Allah Təala belə buyurub:

“Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə salavat deyirlər. Ey iman gətirənlər! Siz də ona salavat deyib kamil ədəb-ərkanla salamlayın.”[25]

4) Onun qohumlarını və səhabələrini sevmək. (Allah onlardan razı olsun.) Kim bir kimsəni sevərsə, onun sevdiklərini də sevər. Peyğəmbərin ﷺ sevdikləri isə səhabələri və əhli beyti idi.

Ardı var…

 

[1] (əl-Fəth 13)

[2] (əl-Əraf 158)

[3] Muslim 240

[4] (Səba 28)

[5] (ən-Nisə 79)

[6] (əl-Ənbiyə 107)

[7] (əl-Ənəm 19)

[8] (Muslim 523)

[9] (Muslim 521)

[10] (əl-Əhzab 40)

[11] (Əli İmran 85)

[12] (Buxari 3400; Muslim 1842)

[13] (Buxari 3535; Muslim 2286)

[14] (əl-Əhzab 6)

[15] (ət-Tövbə 120)

[16] (Buxari 15; Muslim 44)

[17] (Buxari 2232)

[18] (Buxari 2399; Muslim 867)

[19] (əş-Şifə 2/22)

[20] (İbn Hişamın “Sira”sı 2/ 172)

[21] (Buxari 3811; Muslim 1811)

[22] (Buxari 2092; Muslim 2041)

[23] (Əli İmran 164)

[24] (Muslim 2832)

[25] Əhzab 56


Şeyx Saleh ibn ƏbdülƏziz əs-Sindinin “Əl-Musaffə fi huquqil-Mustafə” adlı kitabçasından kiçik dəyişiklik ilə.

Tərcümə: Elçin Quliyev.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax