• Menyu
  • Menyu

Peyğəmbərin ﷺ haqları | 2-ci hissə

tovhidinfo

Mərhəmətli, Rəhmli Allahın adı ilə.

 

ÜÇÜNCÜ HAQQ:

Peyğəmbərə ﷺ ehtiram göstərmək, onu uca tutmaq və ona yardım etmək.

     Uca Allah belə buyurub:

“Biz belə etdik ki, siz Allaha və Onun  Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz Allahı tərifləyəsiniz”.[1]

    Həmçinin Uca Allah belə buyurmuşdur: “Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır.”[2]

    İbn Teymiyyə (Allah ona rəhmət etsin) belə deyib: “Əgər heyvanlar və cansız əşyalar Peyğəmbəri uca tuturlarsa, biz (insanlar) onu uca tutmağa daha haqlıyıq…” [3]

    Allahın kitabını oxuyarkən Uca Allahın insanları peyğəmbəri uca tutmağa, ona hörmət etməyə yönəltdiyini görmək olar.

Uca Allah buyurub: “Peyğəmbəri öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın.”[4]

  Həmçinin Allah belə buyurmuşdur:

“Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər.”[5]

   Peyğəmbərin sağlığında heç kəsə səsini onun səsindən yüksəyə qaldırmaq icazəli deyildi. Eləcə də, nə sağlığında, nə də vəfatından sonra insanlara öz fikirlərini və rəylərini onun sünnəsindən üstün tutmaq yaraşmaz.

Allah belə buyurub: “Möminlər ancaq Allaha və Onun elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə peyğəmbərlə bir yerdə olduqda ondan izn almamış heç yerə getmirlər.”[6]

    Peyğəmbərin izni olmadan səhabələr öz ehtiyacları üçün belə gedə bilməzdilərsə, o zaman onun sünnəsindən və şəriətindən necə çıxa bilərdilər?!

   Urvə ibn Məsud Hudeybiyyə sülhündə Peyğəmbərlə görüşdükdən sonra öz qövmünə belə deyir: “Ey qövmüm! Allaha and olsun ki, mən çox padşahların: Qeysərin, Xosrovun, Nəcaşinin və başqalarının hüzurunda olmuşam. Padşahların tərəfdarlarının onlara necə təzim etdiklərini də görmüşəm. Lakin Muhəmmədin  səhabələrinin ona təzim etdikləri kimi heç bir padşaha təzim olunduğunu görməmişəm. Allaha and olsun ki, Peyğəmbərin ağzından çıxan bir tüpürcək onlardan birinin ovucuna düşsə, bu tüpürcəyi üzlərinə və bədənlərinə sürtərlər. Onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirərlər. Dəstəmaz aldığı sudan əldə etmək üçün öz aralarında mübarizə apararlar. Onun yanında danışarkən səslərini qaldırmaz, hörmət əlaməti olaraq başlarını qaldırıb onun üzünə baxmazlar.” [7]

   Peyğəmbəri təzim etməyin əlamətləri:

1) Allahı təkləşdirmək.

 Çünki Peyğəmbər ﷺ tövhidi həyata keçirməyə ən həris insan idi. Peyğəmbəri təzim edən kəs də bu işdə onun kimi olmalıdır.

2) Yalnız Peyğəmbərin ﷺ yolu ilə getmək və onu nümunə götürmək.

3) Onun sünnəsini uca tutmaq, onu öyrənməyə çalışmaq, hədislərini eşitdikdə sevinmək və diqqətlə qulaq asmaq.

Uca Allah belə buyurub:

“Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin.Yoxsa, özünüz də hiss etmədən, əməlləriniz hədər gedər.” [8]

   Həmməd ibn Zeyd bu ayə haqqında belə buyurub: “Sağlığında ikən səsini Peyğəmbərin səsindən yüksəyə qaldırmaq icazəli olmadığı kimi, onun vəfatından sonra da Quran ayələrini dinlədiyin kimi hədisləri də susub diqqətlə dinləmək vacibdir”.[9]

4) Peyğəmbəri ﷺ müdafiə etmək, onun irzini qorumaq. Çünki o, möminlərə canlarından, mallarından və ailələrindən də əzizdir.

5) Peyğəmbərin sünnəsini insanlara çatdırmaq. Bir hədisdə o ﷺ belə buyurub: “Allah məndən bir şeyi eşidib onu olduğu kimi çatdıran kəsin üzünü nurlandırsın”.[10]

DÖRDÜNCÜ HAQQ:

Peyğəmbərə ﷺ itaət etmək, ona tabe və təslim olmaq.

    Peyğəmbərin ﷺ bu haqqını ödəmək istəyən insan gərək onu özünə nümunə götürsün. Bu haqq insandan bunları tələb edir:

    Birinci: Peyğəmbərin ﷺ sünnəsini sevmək və ona təzim etmək vacibdir. Bu da Peyğəmbəri ﷺ sevməkdən irəli gəlir.

    İkinci: Onun ﷺ sünnəsinin tam kamil olmasına və onun yolu ilə getməyin doğru yol olmasına etiqad etmək.

Uca Allah belə buyurmuşdur:

  “Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yönəltməz”.[11]

   Həqiqətdə insanın qarşısında iki yol vardır: ya Peyğəmbərin ﷺ dəvətinə cavab vermək, ya da nəfsi istəklərin, bidətlərin ardınca getmək.

    Peyğəmbərə ﷺ tabe olmağın böyük səmərələri var:

1) Ona itaət edənlər qurtulan kəslərdir. Uca Allah belə buyurub: “Allaha və Onun elçisinə itaət edənlər Allahdan qorxub çəkinənlər məhz onlar uğur qazananlardır.”[12]

2) Allahın ona mərhəmət etməsini istəyən kəs Peyğəmbərə ﷺ itaət etməlidir. Uca Allah belə buyurmuşdur:

   “Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun.”[13]

3) Peyğəmbərə ﷺ itaət etməklə insan hidayət olunur. Uca Allah belə buyurub:

   “De: «Allaha və Peyğəmbərə itaət edin. Əgər üz çevirsəniz, bilin ki, o ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz.Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq –aşkar təbliğat aparmaqdır.»”[14]

    Başqa bir ayədə isə belə buyurub:

   “De: «Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə yazıb-oxumaq bilməyən, həm də Allaha Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz».”[15]

4) Cənnəti istəyən kəs Peyğəmbərə itaət etməlidir. Peyğəmbər ﷺ belə demişdir:

“Ümmətimin hamısı qurtulacaq, yalnız üz döndərənlərdən başqa.” Dedilər ki, ey Allahın elçisi, üz döndərənlər kimlərdir ? O r belə cavab verdi: “Kim mənə itaət edərsə, Cənnətə girər. Kim də mənə asi olarsa, o, üz döndərmişdir.”[16]

5) Peyğəmbərə itaət edən kəsi Allah sevir və bağışlayır. Uca Allah belə buyurub:

   “De: «Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir».”[17]

  Bilməliyik ki, Peyğəmbərin ﷺ sünnəsinə qarşı çıxan, ona əməl etməyən insanı ağrıdıcı əzab gözləyir.

Uca Allah belə buyurmuşdur:

  “Peyğəmbəri öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.”[18]

   “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir!”[19]

   “Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: «Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!»”[20]

     “Səhih Muslim”də keçən bir hədisdə deyilir ki, bir kişi yeməyi sol əli ilə yeyirdi. Peyğəmbər ﷺ ona sağ əli ilə yeməsini dedi. O kişi təkəbbürlüklə: “Mən bacarmıram”, cavabını verdi. Peyğəmbər ﷺ dedi: “Heç bacarmayasan da!”

Ona Peyğəmbərin əmrinə itaət etməyə mane olan yalnız təkəbbürlüyü idi.

Bu hədisi nəql edən ravi deyir ki, bu hadisədən sonra həmin kişinin əli bir daha yuxarı qalxmırdı. (Yəni şikəst olmuşdu.)[21]

   Üçüncü: Peyğəmbərin çağırışına cavab vermək və sünnəsinə təslim olmaq lazımdır. Uca Allah belə buyurmuşdur:

“Ey iman gətirənlər! Peyğəmbər sizi həyat  verəcək şeylərə çağırdığı zaman Allahın və Peğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi durar (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanacaqsınız.”[22]

    Dördüncü: Peyğəmbərin ﷺ sünnəsinə tam təslim olmaq və ona etiraz etməmək.

Bəzi insanlar isə hədisləri eşitdikdə öz ağlı ilə onlara qarşı çıxır və öz tutduğu məzhəbə yönəlir. Öz davranışlarına hərə bir üzr gətirir. Lakin Allahın onun yoluna müxalif  olanlar üçün nə dediyini unutmaq olmaz:

“Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar!”[23]

     Bir kişi imam Şafiidən bir hədis barədə onun nə düşündüyünü soruşur. Bu zaman imam Şafiinin halı dəyişir və o belə cavab verir:

  “Əgər mən Peyğəmbərin sözünü deyəndən sonra başqa söz danışsam, məni hansı yer öz üzərində daşıyar? Hansı səma məni kölgələndirər?!”

   Sadiq mömin belə də olmalıdır. Uca Allah belə buyurmuşdur:

“Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.”[24]

   Bir kişi ibn Ömərdən Minada namazın nə üçün qısaldıldığını soruşur. İbn Ömər ona belə cavab verir:

Sən  Muhəmməd ﷺ haqqında eşitmisənmi?

Kişi belə cavab verir:

Əlbəttə ki, mən ona ﷺ iman gətirmişəm.

İbn Ömər belə dedi:

Muhəmməd ﷺ Minada namazı iki rükət qılardı.[25]

     Beşinci: Peyğəmbərin sünnəsinə əməl etmək və ona heç bir şey əlavə etməmək.

   Bir gün böyük tabiinlərdən olan Səid ibnul-Museyyib bir kişinin sübh namazının vaxtı girəndən sonra iki rükət sünnət namazını qılıb, sonra yenidən nafilə namazını qılmaq istədiyini gördü. Səid ibnul-Museyyib onu bundan çəkindirdi.

Kişi soruşdu:

Ey Əbu Muhəmməd, məgər Allah əlavə namaza görə mənə əzab verəcək?

Səid ibnul Museyyib belə cavab verdi:

Xeyr! Lakin sünnəyə müxalif olduğun üçün əzab verə bilər.[26]

     Allahdan istəyirəm ki, bizə bu haqları yerinə yetirməkdə yardım etsin. O, eşidəndir və dualara cavab verəndir!

[1] (əl-Fəth 9)

[2] (əl-Əraf 157 )

[3] “ər-Radd aləl-Bəkri” 1/285.

[4] (ən-Nur 63)

[5] (əl-Hucurat 2)

[6] (ən-Nur 62)

[7] (Buxari 2730)

[8] (əl-Hucurat 2)

[9] “Zəmmul-kələmi və əhlihi”  5/161

[10] Tirmizi 2657

[11] (əl-Qasas 50)

[12] (ən-Nur 52)

[13] (Əli İmran 132)

[14] (ən-Nur 54)

[15] (əl-Əraf 158)

[16] (Buxari 7280)

[17] (Əli İmran 31)

[18] (ən-Nur 63)

[19] (ən-Nisə 115)

[20] (əl-Furqan 27)

[21] Muslim 2021

[22] (əl-Ənfal 24)

[23] (ən-Nisə 65)

[24] (əl-Əhzab 36)

[25] Əhməd 5240

[26] “Musannəf AbdurRazzaq” 3/52


Şeyx Saleh ibn ƏbdülƏziz əs-Sindinin “Əl-Musaffə fi huquqil-Mustafə” adlı kitabçasından kiçik dəyişiklik ilə.

Tərcümə: Elçin Quliyev.

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax