Mərhəməti və Rəhimli Allahın adı ilə
Şeyxulislam İbn Teymiyyədən soruşuldu:
“Bir hənəfi kişi camaatla namaz qıldı və niyyətini səslə demədi, sonra isə, hər təkbirdə əllərini qaldırdı. Camaatın fəqihi bunu inkar etdi və ona dedi ki, bu, sənin məzhəbində icazəli deyildir, sən onda (məzhəbində) bidət edirsən və sən “muzəbzəb”-sən[1], nə imamına tabe olmusan, nə də məzhəbinlə getmisən. Onun etdiyi, namazında naqislik, həmçinin, sünnəyə və imamına müxaliflikdir, ya yox?”
Cavab verdi:
“Allaha həmd olsun…[2]
Əgər bir kəs Əbu Hənifəyə, ya Malikə, ya Şafiiyə və ya Əhmədə tabe olarsa (məzhəbini tutarsa) və görərsə ki, bəzi məsələlərdə başqasının məzhəbi daha güclüdür və ona tabe olarsa, bununla gözəl bir şey etmiş olur və bu, sözsüz ki, nə onun dininə, nə də “ədaləti”-nə (düzgünlüyünə) xələl gətirmir. Əksinə, bu haqqa daha yaxın və Allaha və Rəsuluna (sallallahu aleyhi və səlləm) peyğəmbərdən başqa, bir müəyyən kəsə təəssübkeşlik edəndən (ya Malikə, ya Şafiiyə, ya Əhmədə və ya Əbu Hənifəyə təəssübkeşlik edərək, ona müxalif olan imamın deyil, məhz bu müəyyən kəsin rəyinin doğru və tabe olunması lazım olduğunu deyən kəs kimi) daha sevimlidir.
Kim bunu edərsə, cahil və azmışdır… Deyilə biləcək ən son hədd odur ki, “ammi”- yə (savadsız müsəlmana) icazəlidir və ya lazımdır və ya vacibdir ki, müəyyən etmədən kiməsə təqlid etsin, Zeyd və ya Amrı müəyyən etmədən.[3]
Lakin bir kəsin deməsi ki, savadsız müsəlmanların üzərinə filankəsə və ya filankəsə təqlid etmək vacibdir, bunu müsəlman deməz.
Kim imamları özünə dost tutursa, onları sevirsə, sünnəyə müvafiq olduğu görünən məsələlərdə onların hər birinə təqlid edir və o, bununla gözəl əməl etmiş olur və onun halı başqasından daha yaxşıdır. Onu kimisinə məzəmmət ilə “muzəbzəb” deyilmir. Məzəmmət olunan “muzəbzəb” o kəsə deyilir ki, o, nə möminlərlədir, nə də kafirlərlə – möminlərin yanına bir üzlə gəlir, kafirlərin yanına isə, başqa bir üzlə…
Dinin imamları səhabələrin (Allah onların hamısından razı olsun) yolundadırlar. Səhabələr bir idilər, ittifaqda idilər. Təharət, namaz, həcc, talaq, miras və şəriətin digər fər’i (əsas olmayan) məsələlərində ixtilaf etsələr də, onların icması qəti hüccətdir.
Kim imamlardan digərlərini tərk edib onlardan birinə təəssübkeşlik edərsə, o, səhabələrdən müəyyən birinə təəssübkeşlik edən kimidir. Üç xəlifəni və səhabələrin çoxunu qoyaraq Əliyə təəssübkeşlik edən rafizi və Osmanla Əlini (Allah hər ikisindən razı olsun) söyən xarici kimi. Bu, məzəmmət olunmaları Kitab, Sünnə və icma ilə sabit olmuş, şəriətdən və Alllahın Öz elçisi ilə göndərdiyi yoldan çıxmış bidət və hava əhlinin yollarıdır. İmamlardan müəyyən olaraq birinə təəssübkeşlik edən kəsdə bunlara oxşarlıq var, istər Malikə, istər Şafiiyə, istər Əbu Hənifəyə, istərsə də Əhmədə və ya başqasına (təəssübkeşlik etsin)…
Budur, Əbu Hənifənin ən böyük tabeçiləri olan və onun rəyini ən yaxşı bilən Əbu Yusuf və Muhəmməd! Onlara sünnədən, hüccətdən tabe olmaqları üzərilərinə vacib olan şeylər bəyan olduğuna görə, Əbu Hənifəyə az qala saysız qədər məsələlərdə müxalif olmuşlar. Bunula belə, onlar öz imamlarının (Əbu Hənifənin – tərc.) şənini yüksək tuturlar. Onlar barədə “muzəbzəb” deyilmir. Əksinə, Əbu Hənifə və ya imamlardan başqası bir söz deyir, ona (yəni, imamın tabeçisinə – tərc.) bu sözə müxalif bir hüccət bəyan olur, və onu deyir. Ona “muzəbzəb” deyilmir, çünki insan elm və iman tələb etməkdə davam edir və elmdən ona əvvəllər gizli qalan bir şey bəyan olarsa, ona tabe olar. Bu, “muzəbzəb” deyil, əksinə, bu, doğru yolda olandır, Allah onun hidayətini artırıb. Allah Təala buyurub:
“De: ‘‘Ey Rəbbim, mənim elmimi artır’’“[4]
Hər bir möminə vacibdir ki, möminləri və möminlərin alimlərini özünə dost tutsun, haqqı axtarsın və haqqı tapdığı zaman ona tabe olsun. Bilsin ki, onlardan ictihad edib düzgünə isabət edənin iki əcri, ictihad edib xəta edənin isə, ictihadına görə bir əcri olar və xətası ona bağışlanar…
Allahın şərq ölkələrinin üzərinə tatarları[5] müsəllət etməsinin səbəblərindən biri onların arasında məzhəblərdə və s. parçalanmanın və fitnələrin çoxluğudur…
Bu batilcəsinə təəssübkeşlik edənlərin, zənnə və nəfsin istəyinə, öz havalarına, Allahdan hidayət üzərində olmadan tabe olanların hamısı məzəmmət olunmağa və cəzalanmağa layiqdirlər. Bu, geniş bir fəsildir, bu fətvaya sığmaz. Camaatdan yapışmaq, bir olmaq dinin köklərindən, əsaslarındandır, ixtilaf etdikləri şey isə, gizli qalan budaqlarından, törəmələrdəndir. Budağı qorumaq üçün kökü necə yaralamaq olar?!
Təəssübkeşlik edənlərin çoxu Kitabdan və Sünnədən Allah bilir nə qədər bilirlər! Onlar zəif hədislərdən, səhv rəylərdən və ya bəzi alimlərdən, şeyxlərdən doğru ya yalan hekayələrdən yapışırlar. (Həmin hekayələr, nəqllər) doğru olarsa, onların sahibi məsum deyil (xəta edə bilər – tərc.). Onlar məsum olmayan kəsdən rəvayət olunan və təsdiqini tapmayan nəqldən yapışır, məsum olan kəsdən rəvayət olunan və təsdiqlənmiş nəqli isə, tərk edirlər. (Peyğəmbərin hədisini nəzərdə tutur – tərc.) (Halbuki,) o, etibarlı, hüccət sayılan elm əhlinin Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) nəql etdiyi və səhih kitablarında qeyd etdikləridir. Onu nəql edənlər dinin imamları tərəfindən ittifaqla təsdiq edilmişlər.[6] Ondan nəql olunan kəs isə, məsum, havadan danışmayan, danışdığı vəhy olandır. Allah Təala bütün məxluqata ona itaət etməyi və onun ardınca getməyi əmr etmişdir:
“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.” [7]
Allah Təala bizi və digər mömin qardaşlarımızı sevdiyi və razı qaldığı sözə, əmələ, hidayətə və niyyətə müvəffəq etsin. Allah daha yaxşı bilir! Həmd tək Allaha məxsusdur!”
Şeyxülislam İbn Teymiyyənin “Fətvalar toplusu” 22/245-255, bəzi ixtisarlarla.
[1] Tərəddüd edən, iki şey arasında qalan.
[2] Cavabın fiqhi hökmə aid olan hissələri, məqalə uzanmasın deyə, tərcümə olunmayıb.
[3] Bu adları misal üçün çəkir, yəni, bir kəsi tutub onun dediyi hər şeyin doğru olduğuna inanaraq ona təqlid etmək olmaz.
[4] “Ta hə” surəsi, 114.
[5] Monqol-tatarları nəzərdə tutur.
[6] Yəni, İmamlar onların nəql etdiklərinin doğru olmasında ittifaq etmişlər.
[7] “Ən-Nisə” surəsi, 65.
Mədinə İslam Universitetinin tələbəsi, Fərhad Adayev.