• Menyu
  • Menyu

Peyğəmbərlərə iman və onun faydaları

tovhidinfo

İmanın əsasları – Peyğəmbərlərə iman

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Müsəlman iman gətirir ki, Allah Təalə insanlara elçilər göndərib. Onlar Allaha iman gətirənləri, Onun peyğəmbərlərinə inanan kəsləri Cənnət nemətləri ilə müjdələyirdilər, günahkarları isə Allahın əzabı ilə qorxudurdular. Allah Təalə Quranda belə buyurmuşdur:

“Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan (Allahdan qeyri ibadət olunanlardan) uzaq olun”– deyə, elçi göndərdik.” (ən-Nəhl 36)

Başqa ayədə isə buyurmuşdur:

“Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.” (ən-Nisə 165)

Allahın insanlara göndərdiyi elçilər çoxdur, onların birincisi Nuh peyğəmbər (aleyhissələm), sonuncusu isə Muhəmməddir (sallallahu aleyhi və səlləm). Allah Təalə Qurani-Kərimdə bizə bəzi peyğəmbərlər haqda xəbər vermişdir. Bəziləri bunlardır: İbrahim, Musa, İsa, Davud, Yəhya, Zəkəriyyə, Saleh. (Onlara Allahın salamı olsun). Lakin peyğəmbərlərin çoxunun adları bizə məlum deyildir. Allah Təalə belə buyurmuşdur:

“Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə, sənə heç nə söyləmədik.” (ən-Nisə 164)

Bütün peyğəmbərləri Allah yaradıb və onlar da bizim kimi insan olublar. Peyğəmbərlərdə yaratmaq, ruzi vermək, şəfa vermək, öldürmək, diriltmək, kainatı idarə etmək kimi xüsusiyyətlər yoxdur və bunların hamısını edən Allahdır. Həmçinin, onların ibadət olunmağa da haqları çatmır. Ona görə də hər hansı bir ibadəti və ya ibadətin bir hissəsini belə onlar üçün etmək olmaz. Çünki ibadət olunmağa yalnız Allah layiqdir. Peyğəmbərlər heç özlərinə fayda verməyə və özlərindən zərəri uzaqlaşdırmağa qadir olmayıblar, bunu başqaları üçün necə edə bilərlər?! Allah Təalə elçilərin birincisi olan Nuh peyğəmbər barəsində belə demişdir:

“Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm.” (Hud 31)

Eləcə də, Allah Təalə peyğəmbərlərin sonuncusu olan Muhəmmədə (sallallahu aleyhi və səlləm) belə deməyi əmr etmişdir:

“De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram.” (əl-Ənam 50)

“De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm.” (əl-Əraf 188)

Bütün peyğəmbərlər adi insanlar kimi idilər. Allah Təalə onları insanların arasından seçmişdir və insanlara çatdırmaq istədiyi risaləti onların vasitəsilə çatdırmışdır. Allah Təalə bizə xəbər vermişdir ki, peyğəmbərlər də Allahın qullarıdır. Onların hamısının dini İslam dini olub. Allahın qəbul etdiyi din də məhz İslamdır. Allah Təalə Quranda belə buyurmuşdur:

“Həqiqətən, Allah yanında qəbul olunan din İslamdır!” (Əli İmran 19)

Peyğəmbərlərin hamısının dini İslam dini olub, sadəcə onların şəriətlərində olan əhkamlar bir-birindən fərqli olub. Allah Təalə buyurub:

“Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür.” (əl-Maidə 48)

Bu şəriətlərin sonuncusu Muhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) şəriətidir. Onun göndərilməsi ilə ondan öncəki bütün şəriətlər ləğv olunmuşdur. Qiyamət gününə qədər insanlar yalnız Muhəmməd peyğəmbərin (sallallahu aleyhi və səlləm) şəriətinə əməl etməlidirlər. O, peyğəmbərlərin sonuncusudur və onunla peyğəmbərlik sona çatmışdır. Peyğəmbərlərdən birinə iman gətirən insan bütün digər peyğəmbərlərə də iman gətirməlidir. Kim onlardan birinə iman gətirməyibsə, onlardan heç birinə iman gətirməmişdir. Çünki o peyğəmbərlər bir-birini təsdiqləmişlər, bir peyğəmbər növbəti peyğəmbərin gəlməsi barədə xəbər vermişdir. Bütün peyğəmbərlər insanları Allaha, mələklərinə, kitablarına, elçilərinə, axirət gününə və qədərə iman gətirməyə çağırıblar. Onların hamısının dini bir olub. Ona görə də kim peyğəmbərlərin bəzisinə iman gətirib, digərlərini inkar edərsə, bütün peyğəmbərləri inkar etmiş sayılır. Hər bir peyğəmbər insanları Allahın bütün peyğəmbərlərinə və elçilərinə iman gətirməyə çağırıb. Allah Təalə buyurmuşdur:

“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” (əl-Bəqara 285)

Başqa ayədə isə belə buyurmuşdur:

“Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: “Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər, məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhimlidir.” (ən-Nisə 150-152)


© Tovhid.info heyəti

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax