Mərhəmətli və Rəhimli Allahın adı ilə
Axirət həyatı, ölümdən sonrakı həyat daim insanları düşündürmüşdür. İnsanlar üçün heç bir zaman həyatın bu dünya ilə bitəcəyinə inanmaq asan olmamışdır. Ateizm fikrini seçən insanlar belə daimi tərəddüd və şəkk-şübhə içində “bəlkə möminlər doğru deyirlər” deyə – tez-tez düşünə bilirlər. Möminlərin isə, ölümdən sonrakı həyata inanmaqda bir problemləri yoxdur.
Gəlin daha da mövzuya yaxınlaşaq.
Axirət gününə inanmaq, müxtəsər olaraq, ölümdən sonrakı həyata, insanın əməllərinin qarşılığını görəcəyinə, haqq-hesab olunacağına, yaxşı ilə pisin ayırd edilərək hər kəsin öz layiqli mənzilinə gedəcəyinə inanmaq anlamındadır. İnsan öldükdə dəfn edilir, sonra isə, qəbrində sorğu sual olunur. O, qəbrində Rəbbi, dini və peyğəmbəri barəsində sorğu sual olunur. Əgər sual verilən kimsə Allaha inanmayan, Allaha şərik qoşan və ya ateist biri olarsa, bu suallara cavab verə bilməyəcək. Hər dəfə ona sual verildikdə: “ha, ha, bilmirəm” deyəcək (Əbu Davud, 4753; Əhməd, 18063; Sahihul-Cami, 1676) və cavabı bilsə də cavab verə bilməyəcək. Onu yoxdan Yaradan Allahı inkar etdiyi üçün Uca Yaradanın qəzəbinə tuş gələrək dünyanın sonu gələnə kimi qəbrində əzab olunacaqdır. Sonra isə, əbədi cəhənnəm əzabına daxil ediləcəkdir.
Əgər bu sualların verildiyi şəxs mömin kimsə olarsa, o, bərzəx həyatında nemətlər içində olar, sonra yenidən dirildilib cənnətə daxil edilər.
Həmçinin, bilməliyik ki, axirətə inanmaq İslamda imanın altı şərtindən biridir. Axirətə inanmayan kimsə müsəlman hesab olunmur.
Allah bizə hər şeyi göstərməmişdir, lakin, bildirdiyi mühüm şeylərə işarətlər və dəlillər qoymuşdur. Əgər biz Allahın bizə vəd etdiyi hər şeyi görsəydik, onda imtahan həyatının mənası olmazdı. Allah buyurur:
«Özündən başqa məbud olmayan Allah, baş verəcəyinə şübhə edilməyən Qiyamət günü sizi mütləq bir yerə toplayacaqdır. Verdiyi xəbərdə Allahdan daha doğru söyləyən kim ola bilər?» (ən-Nisa, 87)
Həmçinin, xristianlıqda və yəhudilikdə də axirət inancı olsa da, onlar dinlərini təhrif etdiklərindən dolayı sonuncu din olan İslam dini Axirət barədə bir çox təfsilatlı məlumatları vermişdir. Həmçinin, bu həqiqəti (bədənlərin öldükdən sonra dirilməsini) yalnız Muhəmməd peyğəmbərin mükəmməl şəkildə izah etdiyini bəzi fəlsəfə alimləri vurğulamışlar. (Şərhu Aqidətut-Tahaviyyə, səh 457)
Bununla belə ateistlərdən qabaq ölümdən sonrakı həyatı inkar edənlərdən olan fəlsəfə əhlinin ən məşhur şübhələrinə dr. Ğalib Avaci özünün «əl-Həyətul-Əxirah» kitabında ətraflı cavab vermişdir. Daha ətraflı məlumat almaq istəyənlər üç cildlik həmin kitabın birinci cildinə müraciət edə bilərlər.
Lakin, xülasə olaraq, axirəti, ölümdən sonrakı dirilişi inkar etməyin səbəblərini belə analiz etmək olar:
- Yalnız dünya həyatına razı olmaq, oyun əyləncədən, ləzzətdən başqa bir şey barədə düşünməmək.
- Küfrə və şirkə düşmək. Çünki, Axirəti yalnız Allaha inananlar təsdiqləyir.
- Allah, din haqqında lazımi məlumatları olmayanlar: «Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– deməklə Allahı layiqincə qiymətləndirmədilər.» (əl-Ənam, 91)
- Ancaq öz gördüyünə inanmaq, gözü ilə görmədiyi hər şeyi inkar etmək. Halbuki, bu, müasir elmə və sağlam ağıla da ziddir. Gözlə görünməsə də, var olan varlıqları və məfhumları elm də təsdiqləyir.
- Allah haqqında elmi olmadan inadkarcasına mübahisə etmək: «İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir.» (əl-Həcc, 8)
- Özlərinə verilmiş ağıl nemətini düzgün işlətməyənlər: «Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!”» (Mulk, 10)
- Günahlara rahatca dalmaq, küfr, şirk, nifaqla qəlblərinin örtülməsi: «Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.» (əl-Bəqərə, 6-7)
Bu ümumi bilgilərdən sonra keçək mövzummuzun təfsilatlı hissəsinə.
Mövzumuz bu məsələlərdən ibarət olacaqdır:
1) Axirətin mümkünlüyü və zəruriliyi.
2) Axirətə olan ehtiyacımız.
3) Axirətə imana digər əqli dəlillər.
4) Axirətə iman Quranda.
5) Axirətə iman hədislərdə.
BİRİNCİSİ: AXİRƏTİN MÜMKÜNLÜYÜ VƏ ZƏRURİLİYİ:
Bu mümkünlüyü bir neçə nahiyədən isbat etmək olar.
- Ölüm gerçəyi: İnsan ölüm qarşısında acizdir. Ölüm bizlərə başqa bir həyatın, növbətli mərhələyə keçidin böyük bir işarəsidir. Ölüm insanın əməlinin kəsilməsi, ləzzətlərinin bitməsi və beləcə Axirət yurduna yollanmasıdır. Allah Quranda buyurur: «Harada olursunuzsa olun, mütləq öləcəksiniz. Hətta, yüksək qalalarda olsanız belə… » (ən-Nisa, 78) Başqa bir ayədə uca Allah buyurur: «Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir» (Ali İmran, 185)
Bugün əgər sən həyatdasansa, ölümü qəbul etməyə və ölümə hazırlaşmaya bilərsən. Amma başqalarının ölməsi sənin qarşında inkaredilməz bir həqiqət və dəlildir ki, sən də bir gün öləcəksən. Bəs nəyə görə insan bunu bildiyi halda özü-özünü aldatmalıdır? İnsanlar ölümə çarə edə bilmədikləri kimi, qocalığa da çarə edə bilmirlər. Çünki qocalıq ölümün yaxınlaşdığına işarə edir. İnsan bir az daha çox cavan görünməyə yol tapsa da, axırda yenə qocalıq dərdi yaxasından yapışır. Sonra isə, ardınca ölür ki, ağıl sahibləri bu barədə düşünməlidirlər.
2. Zəlzələlər: Zəlzələlər bizə qiyamətin mümkünlüyü barədə xəbər verən gerçəkliklərdən biridir. Zəlzələni yerin “kiçik Qiyaməti” də adlandırırlar. Müasir elmin və texnologiyanın bu qədər inkişaf etməsinə baxmayaraq, «zəlzələ» kəlməsi hələ də müasir insanın həyatındakı qorxulu bir kəlmə olaraq qalmaqdadır. Zəlzələ qısa saniyələr ərzində böyük bir şəhəri xarabalığa çevirə bilir. Məhz bu zəlzələlər bizə Qiyamətin mümkünlüyü barədə xəbər verir. Allah Qiyamət saatını yerin lərzəyə gəlməsi ilə vəsf etmişdir. «Yer titrəyib lərzəyə gələcəyi zaman; Yer öz yükünü bayıra atacağı və insan: “Ona nə olub?”– deyəcəyi zaman –» (Zəlzələ surəsi, 1-3) Başqa ayədə buyurur: «O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir.» (əl-Muzzəmmil, 14)
Bu misala kimsə deyə bilər ki, “biz onsuz da dünyanın dağıla biləcəyi ehtimalını qəbul edirik, biz insanın yenidən dirilməsini və ya yaranmasını qəbul etmirik.”
Belə deyənlərə cavab odur ki:
Birincisi: Bu, bütün iman əhlinin təsdiqlədiyi, haqqında düşündüyü və hazırlaşdığı gerçəklikdir. Axirət inkarçılarının isə, müxtəlif fikirlərdə olduğu məsələdir. Yəni, dindarlardan heç biri dünyanın dağılacağına şəkk etmir.
İkincisi: Bunu qəbul edən şəxsə biz bu yazıda ölümdən sonrakı həyatın zəruriliyi və mümkünlüyü barədə müxtəlif dəlilləri təqdim edirik. Buyurub ayıra kimi oxusunlar.
Üçüncüsü: Gəlin ədalət naminə belə bir fərz edək; həm axirətə inananların, həm də inanmayanların dediklərinin ayrı-ayrılıqda gerçəkləşdiyini fərz edək: (qeyd: baxmayaraq ki, biz ateistlərin fərziyəsini qəbul etmirik)
Birinci halda: Tutaq ki, bu fərziyyəyə əsasən ateistlərin dediyi düz çıxdı. Onda mömin kimsə heç nə itirmir, nə də cəhənnəm əzabı çəkmir buna görə. Yəni, nə ateist, nə də dindar heç nə itirmir. Nəzərə alsaq ki, ateistin dediyi müvəqqəti dünya, dindarın dediyi isə əbədi bir aləmlə bağlıdır.
İkinci halda: Tutaq ki, ikinci fərziyyəyə əsasən möminin dediyi axirət həyatı doğru çıxdı. Onda vay olacaq ateistin halına. Mömin cənnətə, o isə, cəhənnəmə gedəcək.
Nəticədə hər iki fərziyənin yekun nəticəsi möminin xeyrinə olacaq. Çünki, birinci fərziyədə mömin heç nə itirmir, ateist də heç nə itirmir. İkinci fərziyədə isə mömin qazanır, ateist isə, itirən tərəf olur. Xülasə, iki fərziyənin nəticəsi möminin xeyrinə tamamlanır. Bu, bizim düşünməyimizə yardımçı ola biləcək əqli bir məsəldir.
3. Xarici fəzanın halı: Xarici fəzanın halı da bizə axirətin mümkünlüyündən xəbər verir. Xarici fəzada, yerdən kənardan milyonlarla ulduz və planetlər bir maneəsiz, toqquşmadan hərəkət edir. Lakin, bu toqquşma mümkündür. Elm adamları da bu mümkünlüyü təsdiqləyirlər. Eyni zamanda, bu aləmin dəqiq nizamının, hərəkətdə olan göy cisimlərinin bir-biriylə toqquşmamasını və sanki, bir yüksək zəka tərəfindən idarə olunduğunu iddia edirlər. Çünki, təsadüfən yaranan bir aləmin bu qədər dəqiqlik və ahəngdarlıq içində olması təsəvvür edilməzdir. Halbuki, Allah göydə olan bu nəhəng planetlərin bir biriylə toqquşmasının və məhv olmasının qarşısını almışdır. Allah Quranda belə buyurur:
«Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz…» (Fatir, 41)
Axirətə inanaraq biz yəqin oluruq ki, bir gün bu nizamda olan dünya dağılacaq, məhv olacaqdır. Bu çəkdiyimiz kiçik misallar bu aləmin daha böyük sonluğa düçar olacağını göstərir. Biz bugün axirətin mümkünlüyündən danışsaq da, sabah bunu həqiqi bir şəkildə görə bilərik.
4. Ölümdən sonrakı həyat: Artıq müasir elm təsdiqləmişdir ki, insan bədənindəki bütün hüceyrələr on ildən bir tamamilə yenilənir. Bu da insanların orqanizmindəki mərhələ dəyişikliyinin göstəricisidir. Biz bu prossesə görə heç “insan fani oldu” demirik. İnsanın köhnə hüceyrələri ölsə də, insanın daxilindəki şəxsiyyəti ölmür, onun elmi, fikirləri, adətləri, xatirələri, arzuları hamısı olduğu kimi qalır. Bu hüceyrələrin ölməsi və ya başqa təbirlə desək: əgər insanın cisminin ölməsiylə insan fani olursa, gərək onda insanın hüceyrələri də öldükdə tam bir dəyişiklik yaransın. Lakin biz çox yaxşı bilirik ki, hüceyrələr öldükdə bu, baş vermir. Bu da, onu göstərir ki, «insan» və ya «insan həyatı» cismdən fərqli bir şeydir. Çünki, cismdə dəyişikliklər olsa da, o, qalır və dəyişilmir.
İnsan həyatı beş mərhələ keçdiyi kimi, (ruhlar aləmi, ana bətni, dünya həyatı, qəbir həyatı və yenidən diriliş) eləcə də, insan ölməsiylə növbəti mərhələ olan ölümdən sonrakı həyata qədəm qoyur və insanın bədəni ölsə də, ruhu ölmür.
Ruhu inkar edənlərə isə, deyirik ki, insan bədənində olan maddələr torpaqda və təbiətdə də var. Amma, niyə insan kimi ruhu olan bir məxluq bu günə kimi ortaya çıxarmaq mümkün olmamışdır?
Cavab: Çünki, ruhu və canı olan canlı məxluq yaratmaq insan peşəsi deyil. İnsan texniki vasitələr düzəldə bilir ki, bu da Allahın lütfü ilədir. İnsanların işləri bu texnikalarla rahatlaşır. Lakin, insan bir milçəyi belə yarada bilmir.
Müasir elm sübut etmişdir ki, kainatdakı səs dalğaları itmir. (daha ətraflı bax: «əl-İsləm yətəhəddə» kitabı, səh, 108) Eləcə də, mümkündür ki, insanların əməlləri itməsin və Allahın əmrinə əsasən mələklər tərəfindən qeyd olunsun. Necə ki, Axirət inancına əsasən insanın danışdığı bütün sözlər yazan, gözətçi mələklər tərəfindən qeydə alınır: «Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.» (Qaf, 18)
Bunun mümkünlüyünü müasir elm inkar etmir. Radio dalğaları bəzən radionu açdığımız zaman bir-birinə qarışır, biz bunu aydın şəkildə eşidə bilirik. Səs dalğalarının necə uzaq məsafələri qət etdiyinin əyani sübutunu biz hər gün müşahidə edə bilirik. Biz dilimizi tərpətdikdə danışır, eyni zamanda da havada səs dalğasını hərəkətə gətiririk. Eynilə də sakit bir suya kiçik daş atsan o hərəkətin nəticəsi olaraq səs dalğası eşidəcəksən. Bunun kimi əgər biz elektron zəngi bir şüşə içinə qoyub ətrafını möhkəm bağlasaq, zəngi işə saldıqda səs eşitməyəcəyik. Bağmayaraq ki, onun çalışdığını gözümüzlə görmüş olacağıq. Çünki, bu zaman səs dalğasının qarşısı kəsilmiş olur.
Artıq biz səsləri müxtəlif cür qeydə alıb birdəfəlik tarixin yaddaşına həkk edə bilirik. Bu da düşünən insanlar üçün aydın bir elmi və praktiki dəlildir ki, Allahın mələkləri də biz onları görmədən bizim söz və əməllərimizi yazıb edə bilərlər. Sonra isə, biz yenidən dirilib bu söz və əməllərə görə cavab verəcəyik.
Həmçinin, müsəlman olmayan alimlərdən məşhur almaniyalı psixoloq Schlomo Freud insanın fikirlərinin və xəyallarının itmədiyi, sanki, dünən baş vermiş bir hislər kimi alt şüurda qaldığını, bizim adi saydığımız düşüncələrin bəzən yuxuda, bəzən sayıqlama zamanı öz əksini tapdığını vurğulamışdır. (Daha ətraflı bax: New introductory Lectures on Psycho-Analysis, London, 1949. p. 99)
Eləcə də, ta qədim zamanlardan insanlar axirət barəsində düşünmüş və bu aləmi arzulamışlar. İnsan fitrətindən olan, insanın nəfsi, havasıyla əlaqədar olmayan elə bir fikir bilirsinizmi ki, insanlar əsrlərlə bu fikir barəsində bu qədər düşünsünlər?! Həmçinin, yer üzündə sabahkı gün barədə insandan başqa düşünən canlı yoxdur. Sizcə bütün bunlar bizə mühüm bir axirət mesajı vermirmi? Əgər insanın arzuları, xəyalları, illərlə qurduğu həyatı, oğul uşağıyla əlaqəsi ölümün gəlməsiylə birdəfəlik kəsilirsə və heç bir rabitə və ya ümid yeri qalmırsa, insan torpaq olub gedirsə, onda bu qısa həyatın bir mənası olmazdı.
Bir qədər də məsələnin psixoloji tərəfinə toxunaq:
Müsəlman kimsə ölümdən sonra da həyatının davam etdiyinə inanır. Növbəti mərhələ üçün yaxşı əməllər hazırlayır. Müsəlman kimsənin hədəfləri aydın olur. O, Allahın əmr etdiyi kimi yaxşı insan olmağa çalışır və həyatın ölümdən sonrakı mərhələsində bunun nəticəsini görəcəyinə inanır. Ateistin isə, hədəfləri daha dar olur. Çünki, yaxşılığın və pisliyin bu dünyada qalacağlna inandığı üçün ateistdə yaxşılıq və pislik, əxlaq anlayışlarını anlamaq mümkün olmur. Çünki, əxlaq onlar üçün nisbi bir şeydir. Müsəlman üçün isə, əxlaq nəinki bu dünyada, hətta, o biri dünyada da öz səmərəsini verəcəkdir. Əxlaqları gözəl olan insanlar o biri dünyada gecələri namazda, gündüzləri orucda keçirən kəslər qədər savab qazanacaqlar. Lakin müsəlman oruc da tutur, namaz da qılır. Bunlar hamısı Axirət savabı qazanmaq, ilk növbədə isə, Allaha ibadət etmək üçündür.
Yuxu aləmi: İnsan yerində yatdığı halda yuxu görür, başqa bir aləmdə yaşadığını hiss edir və həyəcanları işlək olur, hətta, yuxuda ikən tərləyir, bəzən danışır, bəzən gülür, bəzən ağlayır, bəzən də qorxur. Yəni, insan yuxuda olduğu halda başqa aləmlərdə ola bilir. Bu da bizə bir daha axirət aləminin daha çox mümkün olduğunu göstərir. Yuxu görmək ruhun varlığına mühüm psixoloji dəlillərdən biridir. İnsanlardan heç kim yuxu gördüyünü inkar etmir. İnsan yuxuda unudulmaz anlar yaşaya və bunu ömür boyu unutmaya və daim xatırlaya bilir. Yuxu elmi qeyb aləmindən olduğundan yuxu yozumu elmi də nadir elmlərdən biridir ki, bu elmin əsası da dünyəvi deyil, məhz dinidir. Yuxu yozumu elminə əsasən insanın yuxuda gördüyü hadisələr, yaşadığı məsələlər bir rəmz, işarə kimi izah olunur və insanın gerçək həyatıyla əlaqələri ortaya çıxır. İnsan yuxuları vasitəsilə yuxu düzgün yozulduğu təqdirdə onu gələcəkdə gözləyən bəzi hadisələr barəsində məlumat əldə edir. Yuxu yozumu dəqiq edildikdə yuxuların insanın həyatı və gələcəyi ilə sıx əlaqəsi insanları çox heyrətləndirir.
Ruh araşdırmaları «Psychical Researches» da istər təcrübi, istər də elmi müstəvidə ölümdən sonrakı həyatı isbat edir. Bu araşdırmalara daha çox diqqət çəkən məqamlardan biri də bu araşdırmaların hansısa ruhun (bədəndə) mütləq qalıcı olmasını təsdiq etməməsidir. Həmçinin, bu araşdırmaların maraqlı tərəfləri çoxdur. Yuxu sahəsində də ruh araşdırmaları mövcuddur. Onu da qeyd edək ki, ölümdən sonrakı həyat barədə araşdırmalara psixologiya elmi daha münasibdir. Lakin, yuxarıda qeyd etdiyimiz kimi elm müəyyən məsələlərdə «necə?» sualına cavab verməyə çalışsa da, «nə üçün?” sualına cavab verə bilmir. Çünki, hər elmin özünə məxsus sahəsi olduğu üçün, ixtisaslar öz sahəsindən kənara çıxdıqca yanlış qərarlara və fərziyyələrə dalmaq ehtimalı çoxalır.
Ruh araşdırmaları müasir psixologiya elminin şöbələrindən biridir. Hədəfi isə insanın qeyri adi xüsusiyyətlərini aşkar etməyə səy göstərməkdir. Tarixdə ilk dəfə 1882-ci ildə İngiltərədə belə bir mərkəz açılmış, 1889-cu ildə isə mərkəzin alimlərin öz fəaliyyətlərinə başlamışlar. İlk araşdırmalarını 17000 vətəndaş üzərində tətbiq etmişlər. Bu gün də bu mərkəz «Ruh araşdırmaları cəmiyyəti» adı ilə fəaliyyət göstərir. Hal-hazırda dünyanın müxtəlif yerlərində ruh araşdırmaları ilə məşğul olan bir çox mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlər geniş araşdırmaları və təcrübələrinə əsasən sübut etmişər ki, insan bədəni öldükdən sonra onun şəxsiyyəti qəribə bir şəkildə öz mövcudluğunu davam etdirir. (əl-İsləm yətəhəddə kitabı, səh 133)
Əgər kimsə bizə durub hansısa təbiət alimlərinin axirətdən danışmağını misal çəkmək istəsə, biz onlara deyəcəyik ki, təbiət elmləri təcrübi elmlərdir. Yəni, bu tip elmlərin səlahiyyəti «necə?» sualına cavab verməyə çalışır. Amma, «nə üçün?» sualına cavab verə bilmir. Qaldı ki, qeyb aləmindən olan axirət məsələsinə – hansı ki, bu elmlərin ixtisasına və səlahiyyətinə aid deyildir – aydınlıq gətirə bilsin.
Braun universitetində müəllim kimi çalışan prof. Doukas Axirət inancına dini etiqadla olmasa da, elmi nahiyədən inandığını bildirmişdir. Çoxsaylı elmi araşdırmaları nəticəsində o, Axirət həyatının mövcudluğunu qəbul etmişdir. O, demişdir: «Bizim ən zəkalı alimlərimizdən bir qismi bu məsələ ilə bağlı şahidlikləri təcrübədən keçirmişlər. Hətta, çox dərin tənqidi mövqedən hesablamalar aparmışlar. Sonda belə bir nəticəyə gəlmişlər ki, «Ruhun qalıcı olması» nəzəriyyəsi anlaşılan və baş verməsi mümkün olan bir nəzəriyyədir. Onlar hesab edirlər ki, çoxsalı isbatları yalnız bu cür izah etmək olar. Bu araşdırmaları edən böyük şəxsiyyətlərdən bunları sadalamaq olar:
Alfred Russel Wallace, William Crookes, Myers, Cesare Lombroso, Camille Flammarion, Sir Oliver Joseph Lodge, Righard Hogesn, Mister Henry Sidgwick, Prof. Heslop.» (Eyni mənbə: səh 136)
Max Plank: (1858-1947) O, 1918-ci ildə Fizika üzərə «Elementary Quanta» nəzəriyyəsinin qurulması və inkişaf etdirilməsindəki gördüyü işlərinə görə Nobel mükafatına layiq görülmüşdür. Müasir Fizika elminin qurucularından, nisbi nəzəriyyənin inkişaf etdirənlərdən biri, 20-ci əsrin ən mühüm nəzəriyyələrindən birinin «Quantum Theory» banisi, üstəlik də «Electromagnetic Radiation» nəzəriyyəsinin inkişaf etdirənlərdəndir. O, həm də «Quantum Mechanics» nəzəriyyəsinin qurucularından biridir. Mənbələrdən birində qeyd olunur ki:
«Max Plank ölümdən sonrakı həyata da inanırdı, O, bu həyatın fövqündə olan başqa bir həyata inanırdı. Elə bir əbədi həyat ki, biz onu özümüzə sığınacaq və qurtuluş edə bilərik.» (Plank, as Cited in HeilBorn, 1986, 197)
Həmçinin, o, Allaha da inanırdı və bu barədə çox dəyərli sözləri də mövcuddur. Belə şəxslər barədə misalları çoxaltmaq olar. Lakin, mövzunu bir qədər müxtəsər etmək niyyətindəyik.
Ruh araşdırmaları barədə konkret bir misal çəkık. 1907-ci il, 11 mart tarixində Amerikanın «Times» qəzeti və eyni ilin Aprel ayında «American Medicine» qəzeti xəbər yayırlar ki, amerikalı cərrah həkim Duncan MacDougall bir qrup fizika mütəxəssisləriylə bərabər bir araşdırma edir. Həyatda son dəqiqələrini yaşayan (can verən) bir neçə kişi və qadın (6 nəfər) üzərində apardıqları araşdırma zamanı hər dəfə vəfat edən şəxsin ölmədən öncə olan çəkisi ilə öldükdən dərhal sonra olan çəkisi müqayisə edilir və hər dəfə orta hesabla 21 qram fərq ortaya çıxır. 21 qramı orta rəqəm kimi verdikləri üçün biz də elə qeyd etdik. Uğurlu alınan hər təcrübədə cəsəddə neçə qram fərq əmələ gəldiyi hər dəfə qeyd olunur. Sonra eyni təcrübəni 15 köpək üzərində edir və çəkidə bu cür qram fərqləri ortaya çıxmır. Lakin, köpəklərdə də bunun olduğunu, sadəcə çəkidə insandakından daha az gəldiyi üçün görünmədiyini qeyd edir. Hər bir halda həmin araşdırmaçılar insanın ruhunun olduğunu qəbul etməli olurlar. (Bax: http://antishobhat.blogspot.com/2013/02/21.html?m=1)
Daha bir araşdırma isə, 1998-ci ildə Donald Carpenter adlı alim özünün «Ruhun fiziki çəkisi» adlı kitabında ruhun müəyyən bir həcminin olduğunu, hətta, köpəklərdə bu çəkinin daha az olduğunu (1,8 qram), ümumiyyətlə insan ruhunun çəkisinin bədən həcminə görə dəyişdiyini qeyd edir. (Mənbə; bax: https://youtu.be/FKJT0Fx9jAY)
Nəticə nə olursa olsun, bu barədə yenə insanın elmi, biliyi məhduddur, nəticədə ruhun var olduğunu elmi baxımdan da qəbul edirik, Uca Allah da Quranda bizə bu barədə az elm verildiyini bildirmişdir:
«Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir“» (əl-İsra, 85)
Davamı var…
Yazdı: Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.