Mərhəmətli və Rəhimli Allahın adı ilə
Yazının birinci hissəsini buradan oxuya bilərsiniz: 1-ci hissə
İKİNCİSİ: AXİRƏTƏ OLAN EHTİYACIMIZ
– Heç kim bu dünyada istəmir ki, əbədi həyatı olmasın. Hər kəs qayğısız və firavan yaşamağı, əbədi yaşamağı, heç ölməməyi arzulayır. Heç kəs qocalmaq istəmir. Qocalsa da, ölmək istəmir. Əslində, sağlam düşüncəli hər bir insan axirət aləmini, haqq-ədalət aləmini arzulayır. Deməli, hər bir insan bu iki şeyi arzulayır. Əbədi həyatı və firavanlığı… Bu iki şey isə, yalnız cənnətdə kamil şəkildə vardır. Deməli, hər bir insan özü də bilmədən axirət aləmini, cənnəti arzulayır.
– Axirət inancı insanı müxtəlif cinayətlərdən və əxlaqa zidd əməllərdən qoruyur. Əgər biz insanlara, xüsusən də, şər əhlinə desək ki, sadəcə «bu pis əməlləri etməyin» desək, onlar buna qulaq asmayacaqlar. Bir insan bəzən etdiyi əməlin özünə, sağlamlığına zərər olduğunu bilə-bilə edirsə, onun qəlbinə bu çirkin əməl düşdükdə hansısa xarici təsirin ona köməyi olmayacaq. Lakin axirət inancı belə deyildir. Axirət inancı cinayətlərdən uzaqlaşmağı hər şəxs üçün şəxsi məsləhətə çevirir. Cinayətlərdən uzaqlaşmaq hər kəsin diqqət göstərdiyi bir məsləhət olur və hər müsəlman düşünür ki, bir gün mütləq Allahla qarşılaşacaqdır. Hər müsəlman düşünür ki, Allah onun etdiyi əməlləri görür və onu etdiyi əməllərə görə çətin bir hesaba çəkəcəkdir. Axirət inancındakı bu böyük əhəmiyyət Mathew Halos’u (17-ci əsrdə qərb aləminin böyük qazilərindən olmuşdur) belə deməyə vadar etmişdir: «Dinin yalan olduğunu demək, ictimai nizamın qalıcı olması üçün bizim çiyinlərimizdə olan bütün məsuliyyətləri heçə endirmək, batil etmək anlamına gəlir.» (Religion without Revelation, p. 115)
Məgər bu nahiyə axirət inancının necə mühüm olduğunu göstərmirmi?! Bununla belə, hətta bir çox axirəti inkar edən ateist alimlərinin belə bu qəbildən olan etiraflarının şahidi ola bilərik ki, tarixi təcrübələrə əsasən, insanın bütün hallarda haqq-ədalət yolunu tutması və özünə nəzarət etməsi üçün axirət inancından başqa bir yolu yoxdur. Alman ateist-filosofu Kant dindəki «nəzəri doğruluğu» inkar etsə də, eyni vaxtda əxlaqi prizmadan dindəki «əməl doğruluğu»nu qəbul edirdi.
(Story of Philosophy, New York, 1954,p.279)
Ateist Folter də həmçinin deyirdi: «İlahın və axirətin əhəmiyyəti olduqca böyükdür. Çünki bu iki şey əxlaq əsaslarını qurmaq üçün iki əsasdır.» … Folter hesab edirdi ki, yalnız bu inanc cəmiyyətdə daha üstün əxlaq formalaşdırmaq üçün bir kəfildir. Əgər bu inanc aradan qalxarsa, yaxşı əmələ təhrik edən (əsas) amil aradan qalxar. Bu isə, ictimai nizamın çökməsiylə nəticələnər. (Windelband, History of Philisopy, p. 496)
O kəslər ki, axirət inancını xəyali fikirlər adlandırırlar, onlar gərək bu barədə düşünsünlər ki, necə ola bilər ki, “xəyali fikirlər” cəmiyyətin real həyatı üçün böyük və mühüm bir əhəmiyyət kəsb etsin?! Nəyə görə biz bu inanc olmadan sağlam bir ictimai nizam qura bilmirik? Nəyə görə bu etiqad cəmiyyətdə mövcud olmadıqda həyatımızın dəyərləri süqut edir? Görəsən “xəyali fikirlər”in cəmiyyətdə bu qədər əhəmiyyət kəsb etməsi mümkündürmü?
Həyatımızın nizamlanması və ədalətli, həqiqi əsaslar üzərində qurulması üçün Axirət inancına çox böyük ehtiyac vardır.
– Sağlam fitrət və salamat ağıl Axirətə ehtiyaca dəlalət edir:
Allah bu dünyanı imtahan və sınaq olaraq yaratmışdır. İnsanın bu həyatı da, ana bətnində olduğu kimi, bir mərhələdir. Bu mərhələdən sonra başqa mərhələ gəlir ki, o da, axirət həyatıdır. Ana bətnindən əvvəlki mərhələdə isə, insan ruhlar aləmində idi ki, bu da başqa bir mərhələ idi. Heç ədalətdən olmaz ki, bir insan bu dünya mərhələsində haqsızlığa uğrasın və haqq-hesab mərhələsi olmadan, məzlumlar haqqını almadan, yaxşı ilə pis ayırd edilmədən bu həyat sona çatsın və bir daha haqq-hesab edilə bilməsinlər. Sağlam fitrət və sağlam ağıl Allaha itaət edən xeyirxah insanlarla günahkar və zülmkar insanların bir tutulmasını inkar edir.
Dünya əməl meydanıdır, axirət isə, haqq-hesab meydanı… Dünyada əməl var, cəza (qarşılıq) yoxdur. Axirətdə isə, cəza (qarşılıq, haqq-hesab) var, əməl yoxdur.
Dedik ki, dünya haqq-hesab mərhələsi deyil, ona görə də mümkündür ki, yaxşı bir insanın haqqının başqaları tərəfindən tapdandığını, zülmə uğradığını görə bilək. Hətta bu hal o şəxsin ölümünə kimi davam edə bilər və o şəxs nə intiqam ala bilər, nə də özünə yardımçı əldə edə bilər. Necə ki, bu dünyada belə hallar tez-tez baş verir. O zaman axirət aləminin olması qaçılmazdır ki, bu insanlar öz itirilmiş haqlarını əldə etsinlər və haqq-ədalət bərpa olunsun. Yaxşı insanlar dünyada etdikləri yaxşılıqların qarşılığını görsünlər, pis insanlar isə, öz pis əməllərin cəzasını çəksinlər.
Bu həqiqəti qəbul etməkdə sağlam fitrətlər və salamat ağıllar ittifaq etmişlər.
Allah da Qurani-Kərimdə bu mənaya işarə edərək buyurmuşdur:
«Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?» (Sad, 28)
«Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı? Sizə nə olub, necə hökm verirsiniz?» (Qaləm, 35-36)
– Axirət həyatı, həmçinin, bir əxlaqi zərurətdir. Əmanətə xəyan etməyən və həmişə düz danışan bir kimsə bu gözəl əxlaqa yalnız axirətdə bunun qarşılığını görmək və Allahın razılığını qazanmaq üçün riayət edir. Həmçinin, başqa bir çox gözəl əxlaqlar axirət yurdu naminə edilir. İnsan əxlaqını gözəlləşdirərək axirət dünyasında bunun nəticəsini görmək istəyir.
Ona görə də, ateistlərdə əxlaq nisbi olduğu üçün, onlar əxlaq barədə qəribə sözlər danışırlar. Bu barədə «ateizmdə əxlaq anlayışı» mövzusuna toxunarkən ətraflı danışmışıq.
– Peyğəmbərlər və Elçilərin diriliş və hesab günü barədə xəbər verməsi:
Allah öz peyğəmbərlərini və elçilərini saf əqidə və sadiq dəvətlə göndərmişdir. O dəvət ki, insanların sağlam fitrəti və ağlı ilə uyğun gəlir. Allah o peyğəmbərlərə əlamətlər, nişanələr və möcüzələr də verərək onları qüvvətləndirmiş, Onun tərəfindən göndərilən elçilər olduqlarını insanlara göstərmişdir. Bütün peyğəmbərlər öz qövmlərinə insanın yenidən diriləcəyi və etdiyi əməlləri barəsində barədə haqq-hesab olunacağı barədə məlumatlar vermiş, buna inanmağın zəruriliyini bildirmişlər. Budur, İbrahim Peyğəmbər də öz qövmünə belə demişdir: «O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir. O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.» (əş-Şuara, 81)
Başqa peyğəmbərlər də bu xəbəri öz qövmlərinə vermişlər.
– Allahın hikməti və ədaləti ölümdən sonrakı həyatı gərəkli edir:
Allahın hikmətindəndir ki, dünya həyatından sonra başqa bir həyat yaratsın və hər bir insan etdiyi əməllərin qarşılığını görsün. Çünki, bu dünya əməl dünyasıdır. Allah bəzi əməllərin qarşılığını dünyada versə də, elə əməllər vardır ki, gizli qalır, istər yaxşı, istər də pis əməl. Allah cəzasını dünyada almayan pis əməl sahiblərinin cəzasını da, üstü açılmamış gizli yaxşılıqların mükafatını da haqq-hesab günü verəcəkdir. Dedik ki, dünya əməl məkanı, axirət isə haqq-hesab məkanıdır. Üstü açılmayan bütün cinayətlər, bütün şərlər, pisliklər həmin aləmdə çözüləcək. Uca Allah buyurur:
«O gün (gizli qalan bütün) sirlər açılacaqdır.» (ət-Tariq, 9)
Bu ayədən əvvəl isə, eyni surədə bu ayələr keçir:
«Qoy insan nədən yaradıldığına bir baxsın! O, süzülüb tökülən bir mayedən yaradılmışdır.
Bu maye bel və köks sümükləri arasından çıxır.»
Sonra isə, növbətli ayədə Allah buyurur:
«Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir.» (ət-Tariq, 5-8)
Əgər zalım bu dünyada istədiyini edər, zülm edər və zülmünün qarşılığını görməzsə, eynilə də möminlər etdikləri yaxşılıqların qarşılığını almasalar, bu Allahın ədalətinə zidd olar. Ona görə də, bu ziddiyyət qətiyyən mümkün deyildir və Allah Özü haqq-hesab günü ədaləti bərqərar edəcəyini, zülmün və yaxşılığın qarşılığının veriləcəyini bildirmişdir:
«O gün bütün insanları öz başçıları ilə birlikdə çağıracağıq. O zaman kitabı sağ əlinə verilən kimsələr öz kitablarını sevinclə oxuyacaq və onlara xurma çəyirdəyindəki lif qədər zülm edilməyəcəkdir.» (əl-İsra, 71)
Odur ki, bu dünyada döyülən, söyülən, haqqı yeyilən, bu dünyada haqqını almağa aciz qalan hər kəs əmin olsun ki, o dünyada öz haqqını alacaqdır. Onların haqqından xurma çəyirdəyi üzərindəki bir nazik lif qədər də keçilməyəcək, zülm olunmayacaq. Allah öz qulları üçün bu hikmətli və ədalətli tədbiri görmüşdür!
Davamı var…
Yazdı: Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.