• Menyu
  • Menyu

Mələklərə iman və onun faydaları

tovhidinfo

İmanın əsasları – Mələklərə iman

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Biz bilirik ki, Allahın yaratdığı məxluqlar arasında cinlərdən və insanlardan savayı mələklər də vardır. Allah Təalə mələkləri Ona itaət etsinlər deyə yaradıb. Allah Qurani-Kərimdə mələkləri vəsf edərkən belə buyurmuşdur:

“Kafirlər: “Mərhəmətli Allah Özünə övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır.Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər. Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər.” (əl-Ənbiyə 26-28).

Digər ayələrdə belə buyurmuşdur:

“Göylərdə və yerdə kimlər varsa, hamısı Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar. Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər.” (əl-Ənbiyə 19-20).

Allah Təalə mələkləri bizim üçün görünməz edib, biz onları görə bilmirik. Lakin O, öz elçilərindən bəzilərinin bəzi mələkləri görməsinə və onlarla danışmasına izin vermişdir.

Mələklərin, hərəsinin özünə məxsus olaraq yerinə yetirəcəyi vəzifəsi vardır. O mələklərdən biri  Cəbrayıldır (aleyhissələm). Onun vəzifəsi, Allahdan gələn vəhyi peyğəmbərlərdən Allahın istədiyi kimsəyə çatdırmaqdır. Onlardan eləsi vardır ki, məxluqatdan birinin əcəli gəlib çatdığı zaman onun canını alıb, ruhunu götürməklə vəzifələnib. Elə mələk vardır ki, ana bətnində olan uşağa ruh vermək üçün göndərilir. Elə mələklər vardır ki, Adəm övladlarını qorumaqla vəzifələniblər. Elələri də vardır ki, insanların etdikləri əməlləri qeydə alırlar. Hər bir insanın üzərində iki mələk vardır. Allah Təalə Quranda onlar haqda belə buyurmuşdur:

“Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.” (Qaf 17-18).

Mələklərə iman gətirməyin insan üçün böyük səmərələri vardır:

  1. İnsan batil inanclardan uzaqlaşır. Mələklərə iman gətirən insan bilir ki, bu kainatı idarə edən Allahdır və mələklər də hamısı Ona itaət edirlər, Onun əmrlərini yerinə yetirirlər. Bəzilərinin “kainatı idarə edən xeyir və şər qüvvə var” demələri isə əsassız və batil olan bir inancdır.
  2. İnsan bilməlidir ki, mələklər özü-özlüyündə nə fayda verə bilir, nə də zərər. Onlar Allahın qullarıdırlar, Allahın əmrlərini yerinə yetirirlər və Ona asi olmurlar. Bunu bilən insan mələklərə heç vaxt ibadət etməz, onlara üz tutaraq qəlbini onlara bağlamaz.

© Tovhid.info heyəti

tovhidinfo
Tovhid.info heyəti

Hörmətlə, saytın administrasiyası.

Bütün materiallara bax