Mərhəmətli və Rəhimli Allahın adı ilə
Bəzi insanlar deyirlər: “təbiətin yaratdığı canlılar” və yaxud da “təbiətin verdiyi nemətlər” və s. Bununla da, təbiəti yaradıcı qüvvə kimi göstərməyə çalışır, Allahı Yaradan olaraq göstərməkdən qaçırlar. Onların qətiyyən «Allahın yaratdığı canlılar» və ya «Allahın verdiyi nemətlər» dediklərini eşitməzsən. Onlar təbiətə Allahın bəxş etdiyi qeyri-adi halları Allahın qüdrəti kimi deyil, “təbiətin özündən olan qüdrət” kimi vəsf edirlər.
Halbuki, bu düşüncə tamamilə maddiyyatçı düşüncədir. Onlara görə “hər şeyi təbiət yaradıb” və ya “təbiət özü-özünü yaradıb”. Bu cür danışanlar həyatda olmalarının həqiqi mənasını hələ də başa düşməmişlər.
İlk öncə onlara deyirik ki, “təbiət” dedikdə nəyi qəsd edirsiniz?
Təbiət dedikdə varlıqları nəzərdə tutursunuz, yoxsa, kainatın idarə olunduğu qayda-qanunu və ya nizam-intizamı nəzərdə tutursunuz? Yoxsa, “təbiət” sözündən qəsdiniz bu kainatı ərsəyə gətirən, ixtira edən başqa bir gücdürmü?!
Əgər desələr ki, biz kainatın özünü qəsd edirik, onda deyirik ki, olmayan bir şey özünü necə yarada bilər?! Bu söz “bir şey özünü yaradır” sözünü təkrarlamaq kimidir. Sanki, deyirsən ki, kainat kainatı yaradıb, səma səmanı yaradıb, yer yeri yaradıb, varlıq da insanı və heyvanı yaradıb. Bu söz ağıla, məntiqə ziddir. Eynilə də bir şeyin özündən daha yaxşısını yaratmasını demək məntiqə ziddir. Yer, səma, ulduzlar, günəş və ayda ağıl, görmək və eşitmək yoxdur. Bu şeylər necə ağıllı, görən və eşidən insanı yarada bilir?! Bu baş verə bilməz!
Əgər deyilsə ki, bunların hamısı təsadüfən yaranmışdır, deyirik ki, bizə yəqinliklə sabitdir ki, heç nə təsadüfən yaranmır. «Təsadüfi yaranma» mövzusunda bu məsələni daha geniş izah edəcəyik inşəAllah!
Özü-özünü yaratmaq nəzəriyyəsi:
“Təbiətin yaradan olmasına” inanmaq, bunu müəyyən sözlərlə izhar etmək müasir bütpərəstliyin yayılmış bir formasıdır. Bu cür sözləri biologiya (təbiətşünaslıq) alimlərindən də bəziləri deyir, üstəlik də qurdun insan və ya heyvan nəcisindən əmələ gəlməsini, bakteriyanın əmələ gəlməsini və bu zaman yeməyi yeyib xarab etməsini bu fikirə dəlil kimi təqdim edirlər.
Çox keçmədən bu yeni bütpərəstlik əqidəsinə Fransız alimi Paster cavab verdi və bu etiqadın batil olduğunu elmi şəkildə isbat etdi. O sübut etdi ki, iddia olunan qurd və bakteriyanı təbiət yaratmır, əksinə, bu varlıqlar gözün görə bilmədiyi əsli olan kiçik varlıqlardır. O, sözünün doğruluğunu göstərən, alimləri qane edən dəlillərini təqdim etmişdir. O, bir qidanı havadan uzaq tutaraq bakteriyaları isti buxarla məhv edir. Bu zaman nə yeni bakteriyalar yaranmır, nə də yemək xarab olmur. Bu nəzəriyyə qidaların paketlənməsi sənayesi sahəsində irəli sürülmüşdür.
“Təbiət” kainatda hökmranlıq edən qanunlardır?
Bəzi insanlar isə, elə hesab edirlər ki, təbiət, kainatdakı hökmranlıq edən qanunlardır. Bu rəy təbiətin “yaradan” olmasını deyənlərin rəyidir.
Onlar deyirlər ki, bu kainat özünün hər bir hissəsini idarə edən qanunlara və nizamlara əsasən hərəkət edir, orada baş verən hadisələr də bu qanunlara əsasən baş verir. Buna da bir saatın uzun müddət boyunca dəqiqlik və nizamla hərəkət etməsini misal çəkirlər. Onun “hərəkət etdirən olmadan hərəkət etməsini” buna dəlil gətirmək istəyirlər. Halbuki, o saatı düzəldən kiminsə olduğunu unudurlar! O saatı ilk dəfə istehsal edən onun bu sxemdə olmasını təmin etmişdir.
Bu rəydə olanlar sözün həqiqi mənasında bu suala cavab vermirlər! – Kainatı kim yaradıb?! Bu sual cavabsız qaldığı halda, onlar bizə “kainatın necə hərəkət etməsinin qanunlarını” cavab kimi təqdim edirlər. Halbuki, biz onlardan bu əzəmətli kainatı yaradan və kainatın idarə edildiyi qanunları yaradan varlıq barədə sualımıza cavab istəyirik!…
Qədim insanlar yağışın səmadan yağdığını bilirdilər. Lakin, bu gün biz dənizlərdə suyun buxarlanması prosesi barədə çox şeyi öyrənə bilirik. Biz bunu tam görüntülü gerçək halı ilə öyrənə bilirik. Özü özlüyündə isə bunun bir izahı yoxdur. Yəni, elm bizə bu hadisələrin necə elmi qanunlara çevrildiyini, göylə yer arasında bu proseslərin necə faydalı və müdhiş formada ortaya çıxmasını və s. bizə elmi qanunlar icad etməklə izah etmir.
İnsanın “təbiət qanununu kəşf etməsi kainatın izahının tapılmasıdır” demək bunu deyənin yalnız özünü aldatmasıdır. Çünki, “kiçik təbiət” kainatın heç nəyini izah etmir. Çünki, təbiətin özünün izaha ehtiyacı vardır.
İndi isə, fikrimizi daha aydın izah etmək üçün sizə ağıllı bir kişi və elmilə seçilən bir həkim arasında baş verən söhbəti qeyd etmək istəyirəm:
-Kişi: Qanın qırmızı olmasının səbəbi nədir?
-Həkim: Çünki, qanın tərkibində qırmızı rəngli hüceyrələr var. Hər bir hüceyrənin həcmi isə 1/700 qədərdir.
-Kişi: Çox gözəl, bəs bu hüceyrələr niyə qırmızı olur?
-Həkim: Çünki, bu hüceyrələrdə homoqlabin adlı maddə var ki, bu maddə ürəkdə oksigenlə qarışdıqda qırmızı rəngə bürünür.
-Kişi: Çox gözəl, bəs bu hemoqlabin daşıyan hüceyrələr haradan meydana gəlir?
-Həkim: O, sənin ciyərlərində hazırlanır.
-Kişi: Qəribədir! Bəs görəsən bu qədər çoxlu şeylər necə qanla, hüceyrələrlə, ciyərlə və başqa şeylərlə əlaqəni necə qurur? Bunların bəziləri digərlərilə necə sıx əlaqədədir. Görəsən, bu şeylər üstün bir incəliklə öz öhdəsinə düşən vacib işi necə yerinə yetirir?!
-Həkim: Bax, biz bunu təbiət qanunu adlandırırıq.
-Kişi: Lakin, bu təbiət qanunundan məqsəd nədir, ey möhtərəm həkim?
-Həkim: Bu qanundan məqsəd təbiətin və kimyanın daxilinin dərinliklərindəki hərəkətlərdir.
-Kişi: Lakin, nə üçün bu qüvvələr daima məlum nəticələri hədəf götürür? Bu qanun quşların havada uçması, balıqların suda yaşaması, insanın dünyada var olması, o cümlədən də, bütün imkanları və qəribə təsirli bacarıqlarını yerinə yetirməklə öz aktivliyini necə nizamlayır?!…
-Həkim: Məndən bunu soruşma… Çünki, mənim elmim yalnız baş verənlərdən bəhs edir. Bu elm (təbiətşünaslıq) “nə üçün” sualına cavab vermir.
Bu suallardan kainatın arxasında gizlənən səbəblərin, sirlərin izahında müasir elmin hansı səlahiyyətə malik olduğu aydın olur. Həqiqətən də, kainatın məsəli öz örtüyü ətrafında dövr edən bir alətin məsəlinə bənzəyir. Onun haqqında bildiyimiz yalnız onun dövrə vurmasıdır. Lakin, əgər biz bu alətin örtüyünü qaldırsaq, onun çoxlu halqa və çarxlarla necə hərəkət etdiyini, bir-birilə birgə dövrə vurduğunu və onun bütün hərəkətlərini müşahidə edə bilərik. Lakin, görəsən, biz sadəcə bu alətin daxilindəki hərəkətləri görməklə onu kimin düzəltdiyini öyrənə bilirikmi? Məntiqi cəhətdən necə anlaşıla bilər ki, bizim bu prossesi müşahidə etməyimiz o alətin öz-özünə düzəldiyini sübut edir?!
“Təbiət qüvvədir” fikri barədə…
Bəzi insanlar deyirlər ki, təbiət, kainatı icad edən, eşidən, görən, müdrik, bacarıqlı bir canlı qüvvədir. Biz də onlara deyirik ki, bu doğru və haqdır. Lakin xətanız odur ki, siz bu qüvvəni “təbiət” adlandırırsınız. Bu isə, kiçik xəta deyil.
Bu əsrarəngiz yaradıcı qüvvə Yaradanın layiq olduğu «Allah» adına işarə edir. Biz Allahı Uca Ad və Sifətləri ilə tanımışıq. Ona görə də biz gərək Allah özünü Quranda nə ilə adlandırıbsa, o cür də adlandıraq:
«Onların əcdadları da elə onlar kimi danışırdılar. Onların qəlbləri bir-birinə oxşayır.» (əl-Bəqərə, 118)
Yaradılışı bu kainata nisbət edənlər də buna bənzər sözlər demişlər. Onların bu məsələdə sələfləri var. Onlara «Dəhriyyə» də deyilir. Onlar baş verən hadisələri zamana nisbət edirlər. Onlar görüblər ki, kiçik böyüyür, böyük qocalır, qoca isə zaman keçdikcə ölür, gecə və gündüz bir-birini əvəzləyir, beləcə həyatı və ölümü də zamana nisbət etmişlər. Allah onlar barəsində Quranda buyurmuşdur:
«Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.» (Casiyə, 24)
Ona görə də, təbiət hadisələrinin idarəsini Allahdan qeyrisinə nisbət etmək küfrdür və qadağandır. Uca Allah bir ilahi hədisdə buyurmuşdur: «Qullarımdan mənə iman gətirən və mənə küfr edən halda sabahlayanlar var. O kəs ki, – Allahın lütfü və rəhməti sayəsində bizə yağış yağdı – deyir, o kəs Mənə iman gətirmiş, ulduzu inkar etmişdir. Amma, o kəs ki, – filan ulduza görə yağış yağmışdır – deyirsə, o artıq Məni inkar etmiş və ulduza iman etmişdir.» (Buxari, Muslim)
Bu hədis çox əzəmətli hədisdir. Bu hədisdən aydın olur ki, təbiət hadisələrini Allaha nisbət etməliyik. Bu hədisdə İslamdan qabaqkı cahiliyyə dövründəki müşriklərinin (bütləri Allaha şərik qoşanların) əməlinə işarə vardır. O kəslər ki, təbiətdə baş verən yağış hadisəsini ulduzlara və ya bürclərə nisbət edir, bu yağışdan Allahın iradəsini uzaq tutur, təbiəti və ya xarici fəzadakı ulduzları yağış yağmasının səbəbi kimi izah edirdilər. İslam dini gəldikdə bu kimi əməlləri qadağan etdi.
Həmçinin, Allah Quranda buyurmuşdur:
«Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır.» (Fatir, 41)
“Təbiətin qəzəbi” sözü barədə:
Bu söz də dindən bixəbər ateistlərin və digər inanmayan insanların yaydığı sözlərdəndir. Belə sözləri işlətməkdən uzaq olmaq lazımdır. Bu sözü əsasən təbii fəlakətlər haqqında işlədirlər. Onların bu sözü çox işləməsindən məqsəd təbii fəlakətlərdən Allahın iradəsini uzaqlaşdırmaq, «Allahın qəzəbi» sözüylə «təbiətin qəzəbi» sözünü əvəz etməkdir.
Bilmək lazımdır ki, təbiət özü Allahın yaratdığı məxluqlardandır. Təbiətin müstəqil bir iradəsi və seçimi yoxdur. Əksinə, təbiət Allahın əmrinə, iradəsinə və təqdirinə tabedir. Allah yerin və səmanın Onun əmrinə tabe olması barədə buyurmuşdur: «Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: “Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!”– dedi. Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.» (Fussilət, 11) Ona görə də qəzəblənməyi və onun nəticəsini təbiətə nisbət etmək doğru deyildir. Bunu (“təbiətin qəzəbi” sözünü) hətta, məcazi mənada belə demək olmaz. Çünki, bu sözdə kainatın təsadüfən yarandığını iddia edənlərin sözlərini təsdiqləmək vardır.
Ona görə də insan təbiətin deyil, Allahın qəzəbindən qorxmalıdır. Görəsən, insan zəlzələlərin qarşısını ala bilərmi? İnsan su qasırğalarının qarşısını ala bilərmi? İnsan vulkanları dayandıra bilərmi? İnsan dənizdəki sunaminin qarşısını ala bilərmi? İnsan ən adi şeylərdən biri olan QİÇS xəstəliyinin qarşısını ala bilirmi? O xəstəlik ki, ilkin olaraq əxlaqsızlıq yayılan yerlərdən yayılmağa başlayır və insanların günahlarına Allahın bir qəzəbi olaraq ortaya çıxır. Ona görə də veriləsi suallar hələ çoxdur.
Hər kəs bilməlidir ki, güc-qüvvət Allaha məxsusdur, təbiətə deyil. Ona görə də Quranda buyurulmuşdur:
«Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və güc-qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.» (əl-Bəqərə, 165)
Quran təbiəti Allahın idarə etdiyini, təbiəti Allahın yaratdığını deyir:
«Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır.» (əl-Bəqərə, 164)
«Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır.» (əl-Ənam, 99)
«Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, düşünüb ibrət alasınız.» (əl-Əraf, 57-58)
«Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik.
Siz xurma ağacının meyvələrindən və üzümlərdən içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.
Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör.
Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.» (ən-Nəhl, 66-69)
“O, Allahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.
De: “Bir deyin görək, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər siz eşitmirsiniz?”
De: “Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər siz görmürsünüz?”
O, Öz mərhəməti ilə sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz və Onun lütfündən ruzi axtarasınız. Bəlkə, şükür edəsiniz.” (Qasas, 70-73)
“O, Öz mərhəməti ilə sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz və Onun lütfündən ruzi axtarasınız. Bəlkə, şükür edəsiniz.
Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır!
Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən kəslər üçün ibrətamiz dəlillər vardır.
Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən adamlar üçün ibrətamiz dəlillər vardır.” (ər-Rum, 20-24)
«Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur.» (əs-Səcdə, 26-27)
Bu barədə Quran ayələri çoxdur. Sadəcə, bununla kifayətlənirik.
İstifadə edilmiş mənbələr:
- Qurani Kərim.
- Səhih-əl-Buxari kitabı.
- Səhih əl-Muslim kitabı.
- əl-İsləm Yətəhəddə, Vahiduddin.
- Aqidətut-Tahaviyyə kitabının şərhi.
- Cəmiul-Fərid fi şərhi Kitəbit-Tövhid.
- İydahul-Məqal fi əsbəbiz-Zilzal, Şeyx Muqbil.
Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.