İmanın əsasları – Kitablara iman
Mərhəmətli və Rəhimli Allahın adı ilə
Hər bir müsəlman iman gətirir ki, Allah Təalə Öz elçilərinə və peyğəmbərlərinə kitablar endirib. Bununla istəyib ki, insanlar Allahı tanısınlar, Onun qarşısında olan vəzifələrini yerinə yetirsinlər, xeyri və şəri bilsinlər. Allah Təalə Quranda belə buyurmuşdur:
“Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar.” (əl-Hədid 25)
Nazil edilən kitablar çoxdur, onlardan bizə məlum olanlar bunlardır:
- İbrahim peyğəmbərə Səhifələr verilmişdir;
- Musa peyğəmbərə Tövrat,
- Davud peyğəmbərə Zəbur,
- İsa peyğəmbərə isə İncil verilmişdir.
İbrahim peyğəmbərə verilən səhifələr çoxdandır ki yox olub və yer üzündə qalmayıb.
Tövrat, İncil və Zəburun isə yalnız adları qalıb, özləri isə insanlar tərəfindən dəyişdirilib, çox hissəsi yoxa çıxıb və sonradan onlara doğru olmayan məlumatlar əlavə edilib. Hətta görürsən ki, günümüzdə mövcud olan incillərin müəllifləri başqa-başqa insanlardır. Onlardan heç biri İsa peyğəmbərə nazil olan İncil deyildir.
İnsan iman gətirməlidir ki, Allah Təalə Öz elçilərinə kitablar nazil etmişdir. O kitablarda Allahın insanlara çatdırmaq istədiyi hökmlər vardır. Allah Təalənin nazil etdiyi kitablardan sonuncusu Qurani-Kərimdir. Allah bu kitabı Öz elçisi Muhəmmədə (sallallahu aleyhi və səlləm) nazil etmiş və onu qoruyacağına vəd vermişdir. Ona görə də, biz yəqinliklə deyə bilərik ki, bugün əlimizdə olan Quran, Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil olduğu kimidir. Onun nə bir sözü, nə hərfi, nə də mənası dəyişdirilməyib.
Gəlin Qurani Kərimlə digər nazil olan kitablar arasında olan fərqlərə baxaq.
- Qurandan əvvəlki kitablarda olan məlumatların çoxu sonradan itib, dəyişdirilib və onlardan bəziləri nazil olduğu peyğəmbərə deyil, başqa insanlara nisbət olunurlar. Sonradan bu kitablara insanlar tərəfindən çoxlu əlavələr edilib. Bu əlavələri görən insan, onların Allah tərəfindən gəlmədiyini başa düşür, eləcə də, onların sağlam düşüncəyə və insan təbiətinə zidd olduğunu görür. Qurani-Kərim isə, bu kitablardan fərqli olaraq, Allah tərəfindən qorunur. Bu kitab Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) necə nazil olubsa, günümüzə qədər də o cür qalıb. Ona heç bir şey əlavə edilməyib, nə də ondan heç nə əksilməyib. Bundan əlavə, əsrlər boyu müsəlmanlar nəzarət ediblər ki, sonradan Qurana başqa məlumatlar, əhkamlar əlavə olunmasın.
- Əvvəlki kitabların bizə gəlib çatan nüsxələrinin hal-hazırda doğru olmasını təsdiq etmək qeyri-mümkündür. Çünki onların tarixçəsi bəlli deyil. Üstəlik o kitablardan bəzilərinin kimə nisbət olunduğu və hansı dildə yazıldığı da məlum deyil. Qurani-Kərimə gəlincə isə, onu çoxsaylı müsəlmanlar Muhəmməd peyğəmbərdən (sallallahu aleyhi və səlləm) nəql ediblər, həm dildən-dilə, əzbər olaraq , həm də yazılı şəkilə onu gələcək nəsillərə çatdırıblar. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vaxtında Quranı dinləyib onu yazan, Quranı əzbərdən bilən şəxslərin tərcümeyi-halı belə bizə məlumdur. Bundan əlavə, əsrlər boyu olduğu kimi, günümüzdə də Qurani-Kərimi əzbərdən bilən on minlərlə insan vardır, Qurani-Kərimin milyonlarla yazılı şəkildə nüsxələri mövcuddur. Qurani Kərimdə olan bütün surələr, bütün ayələr Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) nə zaman və harada nazil olması haqda olan səhih məlumatlar da günümüzə qədər gəlib çatmışdır.
- Əvvəlki kitabların nazil edildiyi dillər çox qədimdə olan dillərdir. Günümüzdə o dildə danışan adam qalmayıb və o dili nadir insanlar başa düşə bilir. Amma Qurani-Kərimin nazil olduğu ərəb dili günümüzdə ən çox işlənən dillərdəndir. Yüz milyonlarla insan bu dildə danışır, Yer üzünün hər yerində bu dil öyrənilir və tədris edilir. Ərəb dilini bilməyən insanın isə, Qurani-Kərimi başa düşməsi üçün bilənlərdən soruşub öyrənməsi mümkündür.
- Qurandan əvvəl nazil olan kitablar bütün insanlara deyil, müəyyən bir zaman və müəyyən bir toplum üçün nazil olurdu. Bu səbəbdən də, o kitablar məhz o topluma və zamana aid olan əhkamları özündə əhatə edirdi, bir zamana münasib olub, digər zamana münasib olmaya bilərdi. Beləliklə, onları bütün zamanlara və bütün insanlara aid etmək doğru deyildir. Amma Qurani-Kərimə gəlincə isə, o, hamıya aiddir, bütün zamanlar, məkanlar və insanlar üçün uyğundur. Əvvəlki kitabların orijinalı bu günümüzə qədər gəlib çatmayıb, o kitabların olduğu dildə bu gün heç kəs danışmır. Ona görə də mümkün deyil ki, Allah Təalə Öz istəklərini günümüzdə olan insanlara məhz o kitablar vasitəsilə çatdırsın. Allah Təalə Quranda belə buyurmuşdur:
“Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna.” (əl-Ənam 155)
Məhz bu kitabla bütün insanlara müraciət olunub:
“De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm.” (əl-Araf 158)
© Tovhid.info heyəti