• Menyu
  • Menyu

Axirətə niyə inanmalıyıq? 5-ci hissə

tovhidinfo

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Yazınının əvvəlki hissələrini bu keçidlərdən oxuya bilərsiniz:

1-ci hissə
2-ci hissə
3-cü hissə
4-cü hissə

BEŞİNCİSİ: AXİRƏTƏ İMAN HƏDİSLƏRDƏ.

Bu barədə bir çox hədislər var. Bir neçəsini qeyd etməklə kifayətlənəcəyik:

– Məşhur Cəbrail hədisində peyğəmbərimizdən iman barədə soruşulduqda cavabda imanın dayaqlarından  biri kimi qeyd etdiklərindən: «Axirət gününə inanmaq» da var idi. (bax: Buxari, iman, 1; Muslim, iman, 1)

– Başqa bir hədisdə buyurmuşdur: «Allaha və Axirət gününə inanan kimsə ya xeyir danışsın, ya da sussun. Axirət gününə inanan kimsə qoy öz qonşusuna ikram etsin. Axirət gününə inanan kimsə qoy öz qonağına ikram etsin.» (Səhihi-Muslim, 1/68)

– Bir hədisdə isə insanın bütün sümüklərinin çürüyəcəyindən, yalnız bir sümüyün çürüməyəcəyindən danışılır ki, insan məhz həmin çürüməyən körpücük sümüyündən yenidən diriləcəkdir.

Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

«İnsanın bədənində çürüməyən sümük yoxdur, yalnız bir sümükdən başqa, o da «Acbuz-Zənəb»-dir. (yəni: büzdüm sümüyü.) Qiyamət günü insan (yenidən) bu sümükdən yaranacaq. »

(Sahihu Muslim, 5252)

Müasir embriologiya elmi bu sümüyün necə sərt olduğunu, çürümədiyini, yanğına davamlı, hətta çox yüksək temperaturda belə ərimədiyini isbat etmişdir. Məhəmməd peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) isə on dörd əsr bundan öncə insanın bu sümükdən yaranacağını və bu sümüyün əhəmiyyətini dəqiqliklə bildirmişdir. Müasir elmdə bu sümüyə ingiliscə «Sacrum» deyilir. Məhəmməd peyğəmbər insanın yenidən diriləcəyi barədə danışarkən bu qədər dəqiq məqamlara toxunmuşdur ki, hər bir ağıl sahibi bu barədə düşünməli, İslamın müasir elmlə ayaqlaşmaqla yanaşı, bir çox müasir elmi məsələlərdə əsrlərlə öncədən müasir elmi qabaqlaması barədə düşünməlidir.

– Yenə Allahın Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

«Hər bir qul nə üzərə ölmüşsə, o halda da diriləcəkdir.» (Muslim, 2878)

Yəni, xeyir əməl üzərində ölən elə halda da diriləcək. Şər əməl üzərində ölən də o halda diriləcək.

– Başqa bir hədisdə Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) yuxudan durarkən belə deməyi ümmətinə öyrədərək buyurmuşdur: «Bizi öldükdən sonra dirildən Allaha həmd olsun və biz Ona tərəf qaytarılacağıq.» (Buxari, 11/13; Muslim, 4/2083)

– Əbu Bərzə əl-Əsləmidən rəvayət olunur ki, Peyğəmbər (Allahın Ona salavatı cə salamı olsun) buyurdu:

Qiyamət günü Allahın bəndəsindən «ömrünü nəyə həsr etdiyindən, nə əməl etdiyindən, malını haradan qazanıb haraya xərclədiyindən və bədənini nə üçün çalışdırdığından soruşulmadıqca o heç yana tərpənə bilməz.» (Sünən ət-Tirmizi, 2417)

İstifadə edilmiş mənbələr (bütün hissələrə aid):

  • Qurani-Kərim.
  • Səhih əl-Buxari, Muhəmməd ibn İsmail əl-Buxari.
  • Səhih əl-Muslim, Muslim ibn əl-Həccac ən-Niysaburi.
  • Sünəni Əbu Davud, Əbu Davud əs-Sicistani.
  • Sünən ət-Tirmizi, Muhəmməd Əbu İsa ət-Tirmizi.
  • əl-Müsnəd. İmam Əhməd ibn Hənbəl.
  • Sahihul-Cami. Muhəmməd Nasiruddin əl-Albani.
  • əl-Bəasu vən-Nuşur, Muhəmməd Əhməd. Beyrut, 2004. (Peyğəmbər kitabxanası)
  • əl-Həyətul-Əxirah, mə beynə əl-Bəasi ilə duxulil-cənnəti van-Nər. 2000-ci il nəşri. 1-ci cild. şeyx Ğalib Avaci, (Peyğəmbər kitabxanası)
  • Məəddətut-Tovhid. Muhəmməd Bakərim Bə Abdullah: əl-İmən bil-Yovmil-Əxir, 2014. Mədinə Beynəlxalq İslam universiteti. (Kitabça-konspekt)
  • Şərhu əl-Aqidətut-Tahaviyyə, İbn Əbil-İzz əd-Diməşqi. 1997. Təhqiq və təliq: Şueyb Arnavut və Abdullah ət-Turki. ər-Riyad.
  • əl-İsləm yətəhəddə – Mədxəlun ilmiyyun iləl-iymən. Vahiduddin Xan, 1974 Məktətur-Risələh.
  • əl-İləhul-Xaliq, mə beynə təazimul-Muslimin va iftiraəət-ən-Nasara əl-Kəzibin va inkər-əl-Mulhidin, PDF.
  • Tafsilun-Nəş’əteyn va tahsilus-Səadəteyn. ər-Rağib əl-İsfahani. PDF.
  • Liməzə ləstu mulhidən?! Kərim Fərhat. PDF. İkinci nəşr. 2014.
  • Mənhəcul-Quran əl-Kərim fir-Raddi alə Munkiril-Bəas. Məhdi Abdul-Kərim. PDF.
  • New introductory Lectures on Psycho-Analysis, London, 1949.

Son.

Yazdı: Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov.

tovhidinfo
Sahib Əsədov

Mədinə İslam Universitetinin dəvət və dinin əsasları fakültəsinin məzunu, hazırda dəvət qismində magistratura təhsili alır.

Bütün materiallara bax